Ekspert: “Azərbaycan gələcəkdə imtiyazlı sərmayəçi vizaları tətbiq edə bilər” TƏKLİF

Ekspert: “Azərbaycan gələcəkdə imtiyazlı sərmayəçi vizaları tətbiq edə bilər” TƏKLİF

"Cənab Prezidentin də dediyi kimi, Azərbaycan iqtisadiyyatında yaranmış böhran xaricdən qaynaqlanır". Bu fikirləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib. Ekspert bildirib ki, dünyada yaranmış iqtisadi böhranın əsasında bir çox geosiyasi səbəblər dayanır: "Buraya bir çox faktorları aid etmək olar. Həm bəzi ölkələrin enerji sahəsində olan böhranının süni olaraq qabardılması, eyni zamanda isə dünyada enerji daşıyıcılarına olan tələbatın azalması bu faktorlar sırasındadır".

Onun sözlərinə görə, ölkəmizin bu vəziyyətdən çıxması üçün görüləsi önəmli işlərdən biri də birbaşa və dolayısı yolla xarici investisiyaların cəlb edilməsidir: "Azərbaycan gənc əhalisi olan, nisbətən təhsilli kadr ehtiyatına malik, strateji mövqedə yerləşən, siyasi cəhətdən stabil ölkədir. Bütün bu faktorlar xarici sərmayəçilərin inamının artırılmasına səbəb ola biləcək zəruri amillərdir".

"İnvestisiyaları daha effektiv şəkildə cəlb etmək üçün Azərbaycan gələcəkdə, təhlükəsizlik məsələlərini nəzərə almaq şərti ilə imtiyazlı sərmayəçi vizaları tətbiq edə bilər. Bu istiqamətdə turistlər üçün viza rejiminin sadələşdirilməsi siyasətinə də baxıla bilər. Ölkəmiz əsas gücünü qanunvericilik bazasının təkmilləşdirilməsinə və korrupsiya ilə sərt mübarizəyə yönləndirməlidir. Bu, müxtəlif layihələrin effektli və biznes məntiqi baxımından sərfəli şəkildə həyata keçirilməsinə təkan verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə