Ekspert: “Səudiyyə Ərəbistanı sərt qənaət rejiminə keçir” AÇIQLAMA

Ekspert: “Səudiyyə Ərəbistanı sərt qənaət rejiminə keçir” AÇIQLAMA

"Bank mütəxəssislərinin hesablamalarına əsasən Səudiyyə Ərəbistanı dövlət büdcəsindəki defisiti (ÜDM ilə proporsiyada) Yunanıstanın böhrandan qabaqkı büdcə defisiti ilə eynidir". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.

Onun sözlərinə görə, böyük neft ehtiyyatları olan ölkənin 2016-cı ildə büdcə defisiti ÜDM-in 13% təşkil edəcəyi təxmin edilir: "Yunanıstanın defisiti də 2009-cu ildə bu səviyyədə idi. Ekspertlərin fikrincə buna səbəb ilk öncə neftin kotirovkalarıdır. Axırıncıların formalaşdırılmasında isə məhz Səudiyyə Ərəbistanın rolu kiçik deyildir. Neftin qiyməti 37 dollar olanda bu ölkənin xərcləri gəlirlərindən çoxdur. Səudiyyə Ərəbistanının xərclərinin 2016-ci ildə 224 miliyard, gəlirləri isə 137 milyard olması planlaşdırılıb. Dövlət xərclərinin kəskin azaldılmasına baxmayaraq bu addımlar yetərli deyildir. Hökümət benzin subsidiyalarını kəsmək, su və elektrik enerjinin qiymətini artırmaq niyyətindədir. Bu addımdan sonra benzinin qiymətinin 50-66% qalxacağı gözlənilir. Lakin maliyyə analitiklərinin də qeyd etdiyi kimi, Ərəbistanın ən iri xərci ordu ilə bağlıdır".

O əlavə edib ki, ordu xərcləri sosial sfera və səhiyyəyə ayırmalarından iki dəfə üstələyir: "Yəməndəki, Suriyadaki və Orta Şərqdəki hərbi konfliktlərinin mövcudluğu isə yaxın zamanda bu xərclərin azalmasına ümid vermir. Səudiyyə Ərəbistanının problemi odur ki, o qazandığından daha çox xərcləyir. 2008-ci ilin böranından sonra isə bu tendensiya daha da artdı. Sözügedən bank qeyd edir ki, 2016-cı ilin sonunadək büdcə defisiti ÜDM ilə nisbətdə 21% təşkil edə bilər. Yaxın zamanlarda neftin qiymətinin əvvəlki göstəricilərə qayıdması ehtimalı çox azdır. Dekabrın sonunda OPEK-in açıqlamasında qeyd edilir ki, "qara qızılın" qiymətinin 100 dolları aşması 2040 ildən sonra baş verə bilər. Bu arada isə beynəlxalq bazara İranın qayıdışı gözlənilir ki, Tehranın nefti 1 ABŞ dollara belə satmağa hazırdır.

Beləliklə Avropalılardan fərqli olaraq "sərt qənaət" və "büdcə xərclərinin" kəsiri kimi hallar ilə heç bir zaman üzləşməyən Səudiyyə Ərəbistanı yaxın zamanda bu faktorlara uyğunlaşmalı olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə