Əli Məsimli: “Lisenziyalaşma sahibkarlığın inkişafında maneəyə çevrilmişdi"

Əli Məsimli: “Lisenziyalaşma sahibkarlığın inkişafında maneəyə çevrilmişdi"

"Azərbaycanda lisenziyalaşma sahibkarlığın inkişafına yox, maneə vasitələrindən birinə çevrilmişdi. Lisenziyalaşma müəyyən dərəcədə əlinə vəsait toplayıb sahibkarlığa həvəslə başlayan insanı elə ilk addımda bankrot vəziyyətinə salmağa yönləndirilmiş bir vasitə olmuşdu. "Lisenziyalar və icazələr haqqında" yeni qanun layihəsinin hazırlanması isə bu halların qarşısını almaq üçün mühim bir addımdır". Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli deyib.

Onun sözlərinə görə, potensial sahibkarların xeyli hissəsi məhv olmuş vəziyyətə düşüb. Millət vəkili qeyd edib ki, buna görə Azərbaycan Prezidenti məsələni sərt formada qaldırıb ki, bu sahədə olan bütün çatışmazlıqlar ardan qalxsın: "Lisenziyalar və icazələr haqqında" yeni qanun layihəsi çatışmazlıqların aradan qaldırılmasına yönəlib. Buna görə bir neçə istiqamətləri də gücləndirməyə ehtiyac var. Prioritetlər müəyyənləşdirilməli və bu gün Azərbaycana hava və su kimi lazım olan sahələrin qarşısında duran maneələr aradan qaldırılmalıdır. Lisenziyalaşma işi asanlaşdırılmalıdır ki, sahibkar çox qazansın və yüksək səviyyədə vergi versin. Həmin vergi büdcəni inkişaf etdirsin və başqa mühim sahələrə vəsait ayrılsın. Şəffaflığın təmin edilməsi şərtilə bu istiqamətdə ASAN Xidmətinin işinin genişləndirilməsi lazımdır. XXI əsrin ruhuna uyğun olaraq lisenzilaşma işləri elektron hökumətin tərkib hissəsinə çevrilməlidir. Bir sıra istiqamətlər kabinetdə oturmaqla həll olunma səviyyəsində olmalıdır".

Millət vəkili ölkəmizdə sahibkarlığın inkişafına mane olanları da sərt tənqid edib: "Azərbaycanda sahibkarlığın inkişafı üçün böyük şərait var. Bütün məmurlara aid etmirəm, ancaq sahibkarlar bəzi acgöz məmurun məngənəsində boğulur və əzilir. Ona görə də öz potensialından maksimum istifadə etmir. Bu qanunun başqa qanunlarla koordinasiyasına fikir vermək lazımdır. Lisenziyalaşma sahəsində olan bütün sui-istifadə halları sərt şəkildə cəzalandırılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə