“Lisenziyalar və icazələr haqqında” yeni qanun layihəsi müzakirə olunub
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda komitə sədri Ziyad Səmədzadə və üzvlərlə yanaşı, iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov, ASAN xidmətin nümayəndəsi və ekspertlər iştirak ediblər. İclasda "Lisenziyalar və icazələr haqqında" yeni qanun layihəsi müzakirə olunub.
Komitə sədri Z. Səmədzadə ölkəmizdə iqtisadiyyatın daha da inkişafı üçün bir sıra ciddi addımlar atıldığını qeyd edib. O, bu istiqamətdə kompleks tədbirlər nəzərdə tutulduğunu bildirib. Z. Səmədzadə Milli Məclisdə də bu sahənin inkişafı üçün müzakirələr aparıldığını və mühim qanun layihələri qəbul olunduğunu vurğulayıb. Komitə sədri "Lisenziyalar və icazələr haqqında" yeni qanun layihəsinin iqtisadiyyatın inkişafı baxımından önəmli olduğunu deyib.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov "Lisenziyalar və icazələr haqqında" yeni qanun layihəsi haqqında məlumat verib. O bildirib ki, qanun layihəsi Prezident İlham Əliyev tərəfindən 2015-ci il oktyabrın 19-da imzalanan fərman və İqtisadiyyat və Sənaye Nazirliyinə verdiyi bir sıra tapşırıqlar əsasında, müasir çağırışları nəzərə alaraq, ölkədə bu sahədə inkişafı daha da sürətləndirmək, sahibkarların xüsusi razılıq lisenziyaları almalarını sadələşdirmək, şəffaflığı, vətəndaş məmnunluğunu təmin etmək, qaydaları təkmilləşdirmək məqsədilə hazırlanıb: "Bu qanun layihəsi Xüsusi razılıq lisenziyalarının verilməsi prosedurlarının sadələşdirilməsi, qaydaların təkmilləşdirilməsi, dövlət təhlükəsizliyindən irəli gələn hallara verilən xüsusi razılıqların siyahısının müəyyənləşdirilməsi, xüsusi razılıq lisenziyalarının verilməsi presodurlarının elektronlaşdırlması, elektron lisenziya portalının yaradılması və s. məsələləri vahid qanunda toplamaq, sahibkarların bir mənbəyə müraciət etmələrini təmin etmək məqsədilə hazırlanıb, Milli Məclisə təqdim olunub. Qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə nəzərə alınıb. Burada predment əsasən Azərbaycanda lisenziya və icazələr sisteminin tənzimlənməsidir. Lisenziyalarla bağlı məsələlər öncələr də tənzimlənirdi. Bununla bağlı hüquqi baza mövcud idi. İcazələr sahəsinin isə normativ hüquqi bazası tam mükəmməl şəkildə formalaşmamışdı. Bu qanun layihəsində yeniliklərdən biri də icazələrin hüquqi əsasının qanun şəklində formalaşdırılmasıdır. Lisenziya ilə barəbər, icazələr anlayışı da qanun layihəsində öz əksini tapıb. Qanun layihəsində lisenziya və icazə tələb olunan fəaliyyət növlərinin müəyyən edilməsi meyarları, lisenziya və icazə sistemlərinin dövlət tənzimlənməsinin prinsipləri, lisenziyalar və icazələrin verilməsi, yenidən rəsmiləşdirilməsi, fəaliyyətinin dayandırlması, bərpası, ləğvi qaydaları, lisenziya və icazə verən orqanların, onların vəzifəli şəxslərinin, lisenziya və icazə sahiblərinin məsuliyyətinin tənzimlənməsi də göstərilib".
O bildirib ki, qanun layihəsində digər əsas məqamlar lisenziyalar və icazələr sahəsində vahid siyahının müəyyənləşdirilməsi, susmaqla razılıq prinsipinin tətbiqi, digər qanunlarda müddət nəzərdə tutulmayıbsa, lisenziyaların verilməsinin müddətsiz olması, qanun dövründə qüvvədə olan lisenziyalara da bu məsələnin şamil olunması, sahibkarlıq subyektlərinin lisenziyalar və icazələr verilən qurum tərəfindən məsləhət və tövsiyə üçün dəvət olunması, sərf olunan vaxtın azaldılması, bir pəncərə prinsipinin tətbiqi, tənzimləyici təsirin təhlili, lisenziların 10, icazələrin 7 iş gününə verilməsinin nəzərdə tutulmasıdır.
"Layihə 5 fəsil, 31 madədən ibarətdir. Qanun layihəsi qəbul olunandan sonra digər normativ hüquqi sənədlərin də bu qanuna uyğunlaşdırılması nəzərdə tutulur"- deyə, nazir müavini əlavə edib.
Daha sonra millət vəkilləri qanun layihəsini müzakirə edib, suallar veriblər.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB