SOCAR-ın Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyası beynəlxalq standartların tələblərinə cavab verən laboratoriya kimi fəaliyyətinin genişləndirilməsi istiqamətində işlərini davam etdirir. SİA-nın xəbərinə görə, laboratoriya Türk Akkreditasiya Qurumunun İSO/İEC 17025 "Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər" standartına əsasən 2012-ci ildə içməli su, dəniz suyu, lay suyu, torpaq nümunələrində metalların analizi, 2014-cü ildə isə içməli su, dəniz suyu, lay suyu, torpaq nümunələrində biogen elementlərin analizi üzrə Akkreditasiya attestatını alıb. Bu standartın tələblərinə uyğun olaraq hər il akkreditasiyadan keçirilən laboratoriyalarda təkrar audit yoxlamaları aparılır. 8-9 dekabr tarixlərində Türk Akkreditasiya Qurumunun nümayəndələri tərəfindən KTL-də növbəti audit keçirilib. Audit zamanı laboratoriyada ümumi iş şəraitinin, nümunələrin qəbulu, saxlanılması, qeydiyyatı, metalların və biogen elementlərin təhlili proseslərinin təsdiq olunmuş prosedurlara uyğunluğu yoxlanılıb. Auditorlar tərəfindən KTL-də akkreditasiya sahəsinin genişləndirilməsi ilə əlaqədar içməli su, dəniz suyu, lay suyu nümunələrində xlor, sulfat, maqnezium, kalsium ionlarının, ümumi codluq, ümumi qələvilik kimi kimyəvi və Escherichia Coli, Total Coliforms kimi mikrobioloji analizlərin təhlili qaydalarının ardıcıllığı - nümunə hazırlığı, nümunələrin analizi, xətaların hesablanması və validasiya prosedurunun yerinə yetirilməsi izlənilmiş və təhlil prosesi üzrə sənədləşmələrin standartın tələblərinə uyğunluğu yoxlanılıb.
Türk Akkreditasiya Qurumu nümayəndələri proqrama uyğun olaraq Ekologiya İdarəsi rəhbərliyinin və KTL əməkdaşlarının iştirakı ilə toplantı keçirmiş, auditin nəticələri barədə məlumat veriblər. Müzakirələrdə KTL-də yerinə yetirilən işlərin İSO/İEC 17025:2010 standartının tələblərinə tam uyğun aparıldığı qeyd edilmiş və laboratoriyanın bu istiqamətdə fəaliyyətinin daha da genişləndirilməsi tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB