Ermənistan bu layihəyə görə torpaqlardan əl çəkməlidir Açıqlama

Ermənistan bu layihəyə görə torpaqlardan əl çəkməlidir Açıqlama

"Düşmən ölkə ilə eyni şəbəkədə olmaq gələcəkdə müxtəlif problemlər yarada bilər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Cənubi Qafqazda ümumi enerji şəbəkəsinin yaradılması məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu layihənin qarşısında duran ən böyük maneə Ermənistanın işğalçı siyasətidir və Ermənistan öz işğalçı siyasətinə son qoymadan bu ideyanın reallaşması nə iqtisadi, nə də siyasi cəhətdən mümkün olmayacaq: "Əgər bu layihə reallaşsa bu zaman regionda yerləşən hər üç ölkənin enerji şəbəkələri birləşəcək və biri-birilərindən asılı vəziyyətdə qalacaq. Təbii ki, bu layihə iqtisadi baxımdan perspektiv doğuran bir layihədir. Lakin bunun reallaşması üçün ilk öncə işğal olunmuş Azərbaycan torpaqları Ermənistan tərəfindən geri qaytarılmalıdır və Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır. Çünki Ermənistanın belə bir şəbəkədə iştirak etməsi təhlükə doğurur".

Natiq Cəfərli bildirib ki, biri-birindən asılı olan şəbəkələrdə hər an təxribatlar ola bilər: "Düşmən ölkə ilə eyni şəbəkədə olmaq gələcəkdə müxtəlif problemlər yarada bilər. Buna görə də indiki şəraitdə, Ermənistanın da qoşulduğu bir şəbəkənin yaradılması qeyri-mümkündür. Yalnız Ermənistan öz işğalçı siyasətindən əl çəkdiyi zaman Cənubi Qafqazda ümumi energetik şəbəkə yaratmaq olar.

Bu layihə reallaşacağı təqdirdə böyük potensial gətirə bilər lakin onun reallaşması üçün ilk öncə siyasi məsələlər həll olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə