Dövlət qulluqçuları üçün seminar

23-24 noyabr 2015-ci il tarixlərdə Finlandiya Dövlət İdarəçiliyi İnstitutu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə Azərbaycanın dövlət qulluqçuları üçün seminar təşkil edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, seminar Finlandiya Dövlət İdarəçiliyi İnstitutunun estoniyalı tərəfdaşları ilə birlikdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının iştirakçı ölkələri üçün nəzərdə tutulan "İştirakçı demokratiya, açıq idarəçilik və səmərəli E-hökumət xidmətləri (PADOS)" layihəsi çərçivəsində 2015-ci ilin iyun ayında Azərbaycan Respublikasının müvafiq qurumlarında həyata keçirilmiş tədqiqat səfərinin nəticəsi əsasında keçirilib.

Seminarın məqsədi fərdlərin siyasi qərarların qəbul edilməsinə təsiretmə imkanı, şəffaf idarəetmə və e-hökumət xidmətlərinin təşkilində Finlandiya və Estoniyanın təcrübəsinin öyrənilməsidir.

Seminarı giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov açaraq qeyd etmişdir ki, dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması, habelə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiq edilməsi məqsədilə dövlət qulluqçuları üçün təlimlərin təşkil edilməsi Komissiyanın fəaliyyətinin əsas istiqamətlərindən biridir. İnformasiya texnologiyalarının dövlət qulluğunda tətbiqinin əhəmiyyətindən danışan Komissiyanın sədr müavini diqqətə çatdırıb ki, Azərbaycanda "elektron hökumət"in formalaşdırılması ümummilli lider Heydər Əliyev tərəfindən 2003-cü ildə imzalanmış "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya" ilə qarşıya qoyulmuş mühüm vəzifələrdən biridir. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu məsələyə müstəsna əhəmiyyət verməsi və onun icrasını bilavasitə nəzarətdə saxlaması dövlət idarəçiliyi və ictimai həyatın bütün sahələrində "elektron hökumət" ideyalarının tətbiqi ilə vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaratmışdır. Bu sahədə Azərbaycanın əldə etdiyi uğurlardan danışan V.Misirov təcrübə mübadiləsi baxımından seminarın faydalı olacağına əminliyini bildirib.

Çıxışında PADOS layihəsinin məqsədinin Şərq Tərəfdaşlığı ölkələrində qərar qəbulu prosesində və idarəçilikdə şəffaflığı və açıqlığı təbliğ etməklə demokratik idarəçiliyi dəstəkləmək olduğunu bildirən Finlandiya Dövlət İdarəçiliyi İnstitutunun direktoru xanım Anna Saharinen qeyd edib ki, layihə Finlandiya-Estoniya ekspert qrupu tərəfindən həyata keçirilir və Finlandiya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir. Layihənin icra edilməsini həyata keçirən təsisatların Finlandiya Dövlət İdarəçilik İnstitutunun, Estoniya Diplomatiya Məktəbinin, Estoniya E-idarəçilik Akademiyasının və Estoniya Dövlət Qulluğunun İnkişafı və Təlimi Mərkəzinin olduğunu diqqətə çatdıran xanım A.Saharinen layihənin əsas fəaliyyətləri barədə də məlumat vermişdir. Bildirilmişdir ki, PADOS layihəsinin fəaliyyəti Helsinki seminarı və Açılış konfransı, hər bir benefisiar ölkədə təşkil edilən seminarlar, Tallin seminarı və Yekun Konfrans mərhələlərindən ibarətdir.

Sonra Finlandiya Dövlət İdarəçilik İnstitutunun direktoru Anna Saharinenin "PADOS layihəsi və Azərbaycandakı seminar haqqında qısa məlumat", Estoniyanın E-idarəçilik Akademiyasının e-demokratiya proqramının rəhbəri xanım Kristina Reinsalunun "E-demokratiyanın və vətəndaş iştirakçılığının çətinlikləri", Finlandiya maliyyə nazirinin müşaviri xanım Arja Terhonun "Dövlət sektorunda islahatlarda olan çətinliklər və idarəçiliyin məhsuldarlığı" mövzularında təqdimatla çıxışları olub.

Noyabrın 24-ü, seminarın ikinci günü "ASAN xidmət mərkəzlərinin fəaliyyəti ilə tanışlıq", "Dövlət idarələri arasında məlumat və informasiya mübadiləsi", "Finlandiyada rəqəmsal xidmətlər üzrə milli struktur", "Azərbaycanın dövlət qulluğu sistemi və DQMK-nın fəaliyyəti" və "Finlandiyada dövlət qulluğu sistemi və dövlət qulluğu təlimləri" mövzuları ilə bağlı təqdimatlar dinlənilib.

Qeyd edək ki, PADOS layihəsinin əsas hədəfi siyasi qərarların qəbulunda vətəndaş iştirakçılığının təmin edilməsi, açıq idarəçilik mexanizmini gücləndirəcək yeni alətlərin təqdim edilməsi, Şərq Tərəfdaşlığı ölkələrinə informasiya texnologiyalarının tətbiqində və e-idarəçilik xidmətlərinin inkişafında dəstək göstərilməsi, potensial quruculuğu tədbirləri vasitəsi ilə dövlət idarəçiliyi islahatlarının və açıq idarəçiliyin sürətləndirilməsi, seminarların, qarşılıqlı təcrübə mübadiləsi platformalarının, yeni innovativ pilot model və yanaşmaların təşkil edilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə