Bir gündə beş kəndə təbii qaz verilib

Bir gündə beş kəndə təbii qaz verilib

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Lerik rayonunun beş yaşayış məntəqəsinə - Livədirqə, Nüsomurya, Qədimkücə, Yuxarı Bilnə və Hıramo kəndlərinə təbii qaz verilib. Bu münasibətlə Livədirqə kəndində keçirilən mərasimdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran regional qaz istismarı idarəsinin rəisi Elçin Məmmədov, ictimaiyyət nümayəndələri sakinləri əlamətdar hadisə münasibətilə təbrik ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz ildən-ilə inkişaf edir, dünya birliyində layiqli yer tutur. Son illər Dövlət proqramlarının və genişmiqyaslı layihələrin davam etdirilməsi nəticəsində şəhər, kənd və qəsəbələrimiz simasını dəyişir, müasirləşir, əhalinin rifah halı daha da yüksəlir.

Məhz bu inkişafın nəticəsidir ki, bu gün yaşayış məntəqələrinə abad yollar çəkilir, infrastruktur yenilənir, əhalinin sosial-məişət problemləri həll olunur. Livədirqə kəndində tikilmiş yeni məktəb binası, Mastail kənd məktəbinin əsaslı təmir edilməsi, Mastail, Livədirqə və Murya kəndlərində yeni körpülərin tikilərək istifadəyə verilməsi, Əvilə kənd məktəbi üçün yeni binanın inşasına başlanılması və bu gün beş kəndə təbii qazın verilməsi bunun əyani nümunəsidir.

Kənd sakinləri onların yaşayış səviyyəsinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə