SOCAR-da növbəti qanvermə kampaniyası FOTOLAR

SOCAR-da növbəti qanvermə kampaniyası FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müvafiq Sərəncamı ilə təsdiqlənmiş ''Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı'' Dövlət Proqramının icrası ilə bağlı reallaşdırılan kampaniyalarda fəal iştirak edən SOCAR-ın idarə və müəssisələri Heydər Əliyev Fondunun sədri, Milli Məclisin üzvü, YUNESKO VƏ İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə qoşulub. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, SOCAR bu layihənin həyata keçirilməsinin təşkilatçılarından olan Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə talassemiyalı uşaqlara yardım etmək üçün "Donor günü"nün keçirilməsi ilə bağlı səmərəli əməkdaşlıq əlaqələri qurub. 2015-ci il üzrə hazırlanmış qrafikə uyğun olaraq SOCAR-ın bütün struktur bölmələrinə daxil olan idarə və müəssisələrdə çalışan əməkdaşların kampaniyada könüllü iştirakı nəzərdə tutulur. Bu xeyirxah işə ilk olaraq noyabrın 17-də SOCAR-ın Baş ofisində start verilib. SOCAR-ın Baş ofisinin və Sərmayələr İdarəsinin 70-dən çox əməkdaşı talassemiyadan əziyyət çəkən uşaqlara qan vermək üçün "Donor günü"ndə fəal iştirak etmişlər. Aksiya ümumilikdə 2016-cı il mayın 15-dək davam edəcək və şirkətin bütün idarə və müəssisələrini əhatə edəcək.

Qeyd edək ki, 2009-cu ildən etibarən SOCAR-ın çoxminli kollektivi hər il könüllü olaraq talassemiyalı uşaqlara yardım etmək üçün qanvermə aksiyasında iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə