Qərardan 70 minə yaxın vergi ödəyicisi yararlanacaq AÇIQLAMA

Qərardan 70 minə yaxın vergi ödəyicisi yararlanacaq AÇIQLAMA

"Vergilər Nazirliyinin kollegiyasında illik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin keçirilməsinin müvəqqəti dayandırılması barədə qərar artıq qəbul edilib". Bu barədə SİA-ya nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, qərarda yalnız əmək müqavilələrinin bağlanması, aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqi və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması hallarına nəzarət tədbirləri istisna edilir: "İstisnalar işçilərin sosial hüquqlarının qorunması, insan həyatı üçün zərərli məhsulların satışı prosesinə dövlət nəzarətinin və dövlət büdcəsi qarşısında vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi məqsədini güdür".

Həmçinin qeyd olunub ki, qiymətləndirmələrə görə yoxlamaların dayandırılması 70 minə yaxın vergi ödəyicisini əhatə edəcəkdir: "Qərarın tətbiqi Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq subyektlərinin fəaliyyəti üçün daha münbit şəraitin yaradılması sahəsində həyata keçirilən ardıcıl tədbirlərin davamı kimi qiymətləndirilir. Ölkə iqtisadiyyatının gələcək inkişafı qeyri-neft sektorunun, o cümlədən kiçik və orta biznesin inkişafından asılı olacağını əsas götürərək verilmiş qərar kiçik və orta biznesin inkişafına stimul verəcəkdir. Bu, eyni zamanda, sahibkarların fəaliyyətinə müdaxilələri minimuma endirməklə sahibkarlıq subyektlərinin öz vergi öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməsinə şərait yaradacaq. Bu isə öz növbəsində dövlət büdcəsinə daha çox vəsaitin təmin olunması ilə nəticələnəcəkdir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə