Vüqar Bayramov: “Gömrük sistemində şəffaflıq olacaq” MÜNASİBƏT

Vüqar Bayramov: “Gömrük sistemində şəffaflıq olacaq” MÜNASİBƏT

"Azərbaycan Prezidenti İlham Əliyev gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzalayıb. Dövlət başçısının bu fərmanını sahibkarlığın inkişafı, vətəndaşların sosial vəziyyətini yaxşılaşdırmaq üçün edilən islahatların davamı kimi qiymətləndirmək lazımdır". Bunu SİA-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov söyləyib.

İqtisadçı bildirib ki, cənab prezidentin bu fərmanının birbaşa Azərbaycan vətəndaşlarının gömrük sistemindəki prosedurların sadələşdirilməsi, nöqsanların aradan qaldırılması və gömrük rüsumu və verginin ödənilmədən ölkəyə gətirilən malların məbləğin artırılması baxımından müsbət tərəfləri vardır: "Təbii ki, fərmanın üstünlükləri ilə yanaşı, istehlak bazarına təsiri də olacaq. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir. Əvvəllər isə malın növündən asılı olaraq 15% gömrük rüsumu, satış zamanı isə 18% əlavə dəyər vergisi verilirdi. Praktiki olaraq bu vergilər olmayacaq. Bu da vətəndaşlara müqayisə etmək və pullarına qənaət etmək imkanı yaradacaq. Bu da istehlak bazarına təsir göstərəcək, qiymətlərin azalmasına gətirib çıxaracaq. Çünki sahibkar artıq satdığı malı lap ucuz qiymətə satışa çıxarmaq məcburiyyətində qalacaq. Çünki müştərinin seçim imkanı olacaq. Hesab edirəm ki, bu da rəqabəti gücləndirəcək, qiymətlərin azalmasına və gömrük sistemində şəffaflığın yaranmasına gətirib çıxaracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə