"MDB-də vahid valyutanın tətbiqi" Azərbaycan nə qazanır?

"MDB-də vahid valyutanın tətbiqi" Azərbaycan nə qazanır?

"Azərbaycan rəhbərliyi bu prosesin iştirakçısına çevrilməyəcək və bu addımı atmaqdan yayınacaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli MDB məkanında vahid valyutanın yaradılması ilə bağlı təklifə münasibət bildirərkən deyib.

Onun fikrincə bu layihənin gerçəkləşməsi çox çətin bir prosesi əhatə edir və layihənin həyata keçməsinə ümid çox azdır: "Belə bir vahid valyutanın tətbiqini daha çox Rusiya israrla tələb edir. Lakin MDB ölkələrinin böyük bir qisminin xarici ticarət dövriyyəsinin əsasını Avropa və Asiya təşkil edir. MDB ölkələrindən çoxu (Belarus və Qazaxıstanı çıxmaq şərti ilə) Avropa və Asiya dövlətləri ilə ticarət əlaqələri qurur. Həmçinin Azərbaycanın da xarici ticarət dövriyyəsinin 81-86 faizini Avropa Birliyi, Asiya ölkələri və ABŞ təşkil edir. MDB ölkələrindən yalnız Rusiya ilə ticarət dövriyyəmizin həcmi 1 milyard dollardır, digər dövlətlərlə isə bu rəqəm aşağıdır. Buna görə də Azərbaycanın MDB məkanının vahid valyuta sistemində çıxış etməsi bizə elə də ciddi dividentlər gətirməz".

Natiq Cəfərli MDB məkanında vahid valyutanın qurulacağı təqdirdə bəzi dövlətlərin öz müstəqillik atributlarını da itirəcəklərini bildirib. Onun sözlərinə görə, MDB məkanında belə bir qaydanın tətbiq edilməsi dövlətlər arası iş qurmağı tələb edir: "Bu yalnız pulun dövriyyəyə buraxılması demək deyil. Bu zaman MDB ölkələrinin ümumi Mərkəzi Bankı yaradılmalıdır. MDB ölkələrinin valyuta siyasəti Mərkəz Bankın pul siyasəti ilə uzlaşdırılmalıdır. Bu da müstəqilliyin bəzi atributlarının itirilməsinə gətirib çıxara bilər. Yəni ümumi bir valyuta sisteminin yaradılması dövlətlərin öz müstəqilliklərini müəyyən mənada itirməsi ilə nəticələnə bilər".

İqtisadçı son olaraq qeyd edib ki, belə bir layihənin keçiriləcəyinə inanmaq olmaz, çünki Rusiyanın indiki iqtisadi vəziyyəti belə bir böyük layihəni həyata keçirməkdə ona maneçilik törədir: "Rusiyanın bu layihəni həyata keçirməyə resursu çatmaz. Lakin belə bir layihə tətbiq olunsa da effekt verməz. Çünki bununla bağlı MDB ölkələrinin bir çoxu müəyyən mənada güzəştlərə getməyə məcbur olacaq. Məncə Azərbaycan rəhbərliyi bu prosesin iştirakçısına çevrilməyəcək və bu addımı atmaqdan yayınacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə