Dövlət Statistika Komitəsi jurnalistləri mükafatlandırıb FOTOLAR
Bu gün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində cari ilin 9 ayı üzrə ölkənin iqtisadi və sosial inkişafının yekunlarına dair mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda həmçinin Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 20 oktyabr Ümumdünya Statistika Günü ilə bağlı təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin mükafatlandırılması da olub. Tədbirdə Dövlət Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli və qəzet baş redaktorları iştirak ediblər.
Giriş sözü ilə çıxış edən Dövlət Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 20 oktyabr Ümümdünya Statistika Günü ilə əlaqədar məlumat verərək qeyd edib ki, Birləşmiş Millətlər Assambleyası 2015-ci il 20 oktyabr gününü "Daha təkmil statistika - daha yaxşı həyat" şüarı altında ikinci Ümumdünya Statistika Günü elan etməyi qərara alıb: "Qəbul olunmuş qətnamədə deyilir ki, Ümumdünya Statistika Günü oktyabrın 20-də beş ildən bir qeyd olunacaq. Birinci Statistika Günü 2010-cu ildə keçirilib. Bu gün bütün dünya ölkələrində, BMT və digər beynəlxalq təşkilatlarda qeyd edilir. Azərbaycan statistikləri üçün bu günün əhəmiyyətli olması həm də ondan ibarətdir ki, 2015-ci ildə Azərbaycanda statistikanın təşkilindən 169 il keçir və rəsmi statistikanın 95 yaşı tamam olur".
Tahir Budaqov rəsmi statistikanın 95 illiyi münasibətilə bütün statistikləri təbrik edib, onlara bu yolda uğurlar arzulayıb.
"Ümumdünya Statistika Günü" ilə bağlı videoçarxın nümayişindən sonra çıxış edən Dövlət Statistika Komitəsinin məlumatların yayılması şöbəsinin müdiri Rafael Süleymanov Azərbaycan statistikasının tarixi, bu günü və gələcək inkişaf perspektivləri, sosial-iqtisadi siyasətin formalaşdırılmasında rolu ilə bağlı məlumatların ictimaiyyətə dolğun şəkildə çatdırılması və 2015-ci ilin 9 ayında ölkənin iqtisadi və sosial inkişafının yekunları ilə bağlı statistik göstəriciləri tədbir iştirakçılarının nəzərinə çatdırıb. R. Süleymanov bildirib ki, 2015-ci ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 40,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,7 faiz çox ümumi daxili məhsul istehsal edilib: "Belə ki, əlavə dəyərin 34,2 faizi sənayedə, 13,5 faizi tikintidə, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə, 17,9 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil edir. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 2,5 faiz artaraq 4275,2 manata bərabər olub".
Daha sonra KİVDF-nin icraçı direktoru Vüqar Səfərli çıxış edərək "Daha təkmil statistika - daha yaxşı həyat" müsabiqəsinin nəticələrini elan edib, müsabiqənin əsas məqsədi haqqında məlumat verib. V. Səfərli qeyd edib ki, yazı müsabiqəsinin elan olunmasında əsas məqsəd Azərbaycan statistikasının tarixi, bu günü və gələcək inkişaf perspektivləri, sosial-iqtisadi siyasətin formalaşdırılmasında rolu ilə bağlı məlumatların ictimaiyyətə dolğun şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
Sonda müasbiqə iştirakçılarının təltifetmə mərasimi keçirilib.





İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB