“Yaşıl çay” MMC Çin şirkəti ilə müqavilə bağlayıb FOTOLAR

Çay emalı avadanlığının alınması üçün
“Yaşıl çay” MMC Çin şirkəti ilə müqavilə bağlayıb FOTOLAR

"Yaşıl çay" FT MMC çayçılığı daha yüksək səviyyəyə çatdırmaq,yaşıl çay yarpağının istehsalını artırmaqla yanaşı onun emalı ilə bağlı tədbirlərini davam etdirir. SİA-nın Cənub bürosunun məlumatına görə, "Yaşıl çay" FT MMC 2011-ci ildən başlayaraq qısa müddətdə daxili imkanlar hesabına çay plantasiyaların ümumi həcmini 61 hektara çatdırıb. Plantasiyaların salınmasında yüksək məhsuldarlığı ilə seçilən "Kolxida"çay sortundan istifadə edilib. Bu il seçmə üsulla ilk dəfə 42 hektarda yaşıl çay yarpağı yığılıb. Hədəf çay plantasiyalarını 100 hektara çatdırmaqdır.

Təsərrüfatın rəhbəri Araz Yağubov müxbirimizlə söhbətində bildirib ki, hazırda təsərrüfatın başlıca məqsədi çay emalı müəssisəsini yaratmaq, "Lənkəran çayı" markası altında ekoloji cəhətdən təmiz quru çay istehsal etməkdir. Bunun üçün müəyyən tədbirlər də görülüb. Artıq çay emalı müəssisəsinin layihə-smeta sənədləri təsdiq edilib. Fabrik üçün lazım olan avadanığın alınması üçün bu günlərdə Çin Xalq Respublikasında olmuşuq. Burada çay emalı üçün avadanlıq istehsal edən tanınmış ZHE JIANG HONGWUHUAN MACHINERY Co., Ltd-nin rəhbərliyi ilə görüşüb söhbət etdik. Zavodda istehsal prosesi ilə tanış olduq. Zavod rəhbərliyi ilə yaşıl çay yarpağı emalı üçün lazımi avadanlıqların alınması barədə müqavilə imzaladıq. Həmçinin fabrikin tikintisi üçün lazım olan vəsaitin alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinə, SKMF-na müraciət edilib.

Onu da qeyd edək ki, emal müəssisəsində ənənəvi çay növləri ilə yanaşı, Azərbaycanda ilk dəfə olaraq "Yaşıl çay" MMC-də "Feyxoa çayı", həmçinin digər faydalı bitki qarışıqlı çaylar da istehsal olunacaq. Artıq bununla bağlı AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edilmiş və müvafiq sertifikatlar alınıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə