Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək bildirib ki, gələn il üçün Fondun gəlirləri 3 milyard 79 milyon manat nəzərdə tutulur.
Onun sözlərinə görə, 2016-cı ildə Fondun gəlirlərinin 64 faizinin və ya 1 milyard 972 milyon 200 min manatının sosial sığorta yığımları hesabına təmin ediləcəyi proqnozlaşdırılır: "Sosial sığorta haqları üzrə daxilolmaların 1 milyard 325 milyon 740 min manatı qeyri-büdcə təşkilatlarının payına düşür ki, bu da əvvəlki illərlə müqayisədə 1,8 dəfə çoxdur. Dövlət Sosial Müdafiə Fondunun büdcə mədaxillərinin yeni iş yerlərinin yaranması xətti ilə yüksəlməsi və bu hesaba vətəndaşların pensiya təminatının daha da artırılması dövlət başçısının diqqət mərkəzindədir".
Komitə sədri qeyd edib ki, könüllü yığım və qeyri-dövlət pensiya fondlarının yaradılması vətəndaşların pensiya təminatının daha da yaxşılaşmasında əvəzsiz rol oynayacaq: "Fondun büdcəsinin 2 milyard 923 milyon 588 min manatı bilavasitə əmək pensiyalarının ödənilməsinə yönəlib. Fondun gələn il üçün mədaxil məxaric göstəriciləri bu günün reallıqlarına tam cavab verir".
Millət vəkili pensiya vəsaitlərinin daha səmərəli istifadə olunmasına yönələn bir sıra fikirlər də səsləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB