"Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu" çərçivəsində hazırlanmış və 23 yanvar 2014-cü il tarixdə Bakıda imzalanmış "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı"na əsasən türkiyəli dövlət qulluqçuları 2015-ci ilin oktyabrın 5-də ölkəmizə səfərə gəlibər. Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə, Türkiyə Respublikasının 4 dövlət orqanını təmsil edən 10 nəfər dövlət qulluqçusundan ibarət nümayəndə heyətinin ölkəmizə səfər etməsinin əsas məqsədi hər iki ölkənin dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.
Nümayəndə heyətinə Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi və Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin təmsilçiləri daxildir.
06 oktyabr 2015-ci il tarixdə "Modern" otelinin konfrans zalında keçirilən tədbirdə qonaqları salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov çıxışı zamanı Türkiyə ilə Azərbaycan xalqlarının qardaş xalq olduğunu, iki qardaş ölkə arasında bütün sahələr üzrə, o cümlədən də dövlət qulluğu sahəsi üzrə əməkdaşlığın yüksək səviyyədə olduğunu və 2008-ci ildən başlayaraq təcrübə mübadiləsi məqsədi ilə təşkil olunan qarşılıqlı səfərlərin bu əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini vurğulayıb. Komissiyanın sədri qarşılıqlı səfərlərin hər iki ölkənin dövlət qulluqçuları üçün faydalı olduğunu vurğulayaraq qeyd etmişdir ki, türkiyəli dövlət qulluqçularının bu səfəri təcrübə mübadiləsi məqsədi ilə ölkəmizə təşkil olunan yeddinci səfərdir.
Tədbirdə Komissiyanın əməkdaşları "Azərbaycan Respublikasında dövlət qulluğu sistemi", "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti və dövlət qulluğuna qəbul", "Dövlət qulluğuna dair qanunvericilik", "Dövlət qulluqçularının etik davranış qaydaları", "Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi" və "Dövlət qulluqçularının peşəkarlığının artırılması" mövzularında təqdimatla çıxış ediblər.
Türkiyəli dövlət qulluqçularının səfəri oktyabr ayının 10-dək davam edəcək. Bu müddət ərzində qonaqlar üçün Mədəniyyət və Turizm Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və və Dövlət Dəniz Administrasiyasının fəaliyyətlərini əks etdirən təqdimatlar ediləcək və müvafiq dövlət orqanlarının həyata keçirdiyi mühüm layihələr barədə məlumat veriləcək.
Bundan başqa qonaqlar qeyd olunan dövlət orqanlarına gedəcək və bu qurumların fəaliyyəti ilə əyani tanış olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB