“Asan İmza” “World Smart Week 2015” həftəsində

“Asan İmza” “World Smart Week 2015” həftəsində

Asan İmza" mobil imza xidməti Fransanın Marsel şəhərində keçirilən və elektron/mobil identitet, ünsiyyətsiz xidmətlər, ağıllı infrastruktur həlləri və kibertəhlükəsizlik mövzularına həsr edilmiş "World Smart Week 2015" həftəsində iştirak edib. "ASAN" Xidmətdən SİA-ya verilən məlumata görə, tədbirin keçirildiyi üç gün ərzində qlobal IT sənayesinin nümayəndələri əşyaların interneti (Internet of Things), maşınlararası kommunikasiya (M2M), elektron mühitdə təhlükəsizlik, ünsiyyətsiz texnologiyalar və digər sahələrdə mövcud olan innovativ trendlər və yeni imkanlara dair fikir mübadiləsi aparıblar.

"World Smart Week 2015" həftəsi çərçivəsində keçirilən tədbirlərdə "B.EST Solutions" şirkətinin təsisçisi Yana Krimpe də iştirak edib. Bu tədbirlərdən biri olan "World e-ID & Cybersecurity" konfransında "Mobil ID – elektron xidmətlər üçün güclü autentifikasiya aləti" mövzusunda təqdimatla çıxış edən xanım Krimpe konfrans iştirakçılarına Azərbaycanın elektron xidmətlərə girişin sadələşdirilməsi və "Asan İmza" mobil autentifikasiya və imzalama texnologiyasının köməyi ilə mobil hökumət konsepsiyasının tətbiqi sahəsindəki təcrübəsi barədə ətraflı məlumat verib.

Konfrans iştirakçıları mobil ID xidmətinin mərkəzləşdirilmiş qarşılıqlı münasibətlər mexanizmi əsasında fəaliyyət göstərən və bütün aidiyyəti tərəflər üçün elektron təhlükəsizliyi ən yüksək səviyyədə təmin edən Azərbaycan modeli ilə tanış edilib.

Qeyd olunub ki, bu modelin çevikliyi və universallığı mobil ID platformasının müxtəlif elektron və mobil xidmət təminatçıları tərəfindən tətbiqi prosesində başlıca üstünlükləridir. Eyni zamanda, bu üstünlüklər mobil ID texnologiyasının istismara verilməsindən sonrakı dövr ərzində sürətli inkişaf tempini təmin edir, bu isə "Asan İmza" platformasına digər ölkələrdə yüksək marağın yaranmasına səbəb olur.

Tədbir zamanı iştirakçılar Azərbaycanda elektron xidmətlərin və sosial innovasiyaların inkişafı sahəsində ümumi vəziyyətlə də tanış olub.

"Asan İmza" texnologiyası mütəmadi olaraq bu kimi müxtəlif beynəlxalq sahəvi tədbirlərdə "Made in Azerbaijan" şüarı altında təmsil edilir. "World e-ID & Cybersecurity" konfransının işində Azərbaycanla yanaşı Avstraliya, İspaniya, Fransa, ABŞ, Almaniya, Böyük Britaniya, Norveç, Estoniya, Çexiya, Çin və digər ölkələrdən 80-dən artıq məruzəçi iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə