Neftin qiyməti 55 dollara qədər qalxa bilər PROQNOZ

Neftin qiyməti 55 dollara qədər qalxa bilər PROQNOZ

"Neftin qiyməti 55 dollara qədər qalxa bilər". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

O, mövsümlə əlaqədar dünya bazarında neftin qiymətlərinin artma ehtimalı ilə bağlı açıqlama verib.

İlham Şaban bildirib ki, adətən sentyabr ayının ikinci yarısında neft qiymətlərində müəyyən dərəcədə artım müşahidə olunur: "Əslində bu yığımla bağlıdır və mövsümi xarakter daşıyır. Ehtimallara görə, neftin qiyməti mövsümlə bağlı olaraq arta bilər. Lakin hazırda neft iqtisadi faktorlardan asılıdır. İndiki vəziyyətdə dünya bazarında təklif tələbi üstələyir.

Avqust ayından bu günə qədər müşahidə etmişik ki, neft qiyməti aşağı düşdüyü qədər sonradan həmin dərəcədə artır. Buna görə də, neftin qiyməti 55 dollara qədər qalxa bilər".

Onun sözlərinə görə, neft qiymətləri ilə bağlı verilən proqnozlar da bu qiymətlərə təsir edir: "Ötən həftə Amerikanın Enerji Agentliyi neft qiymətləri ilə bağlı açıqlama verdi. Bu proqnoz həftənin sonunda neftin qiymətinə öz təsirini göstərdi və neft 47 dollara qədər ucuzlaşdı. Bu tip öncədən verilən proqnozlar bazara neqativ təsir edə bilir".

İlham Şaban qeyd edir ki, enerji bazarını qızdıran amillər olmalıdır: "Bazarda tələb təklifi üstələməlidir. Əgər bu qış soyuq keçərsə, bu zaman enerji ehtiyatına ehtiyac çoxala bilər. Ya hər hansı bir təlatümlü vəziyyət yaranarsa, bu da qiymətlərə öz təsirini göstərə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə