Kənd təsərrüfatı naziri Masallıda vətəndaşları qəbul edib

Kənd təsərrüfatı naziri Masallıda vətəndaşları qəbul edib

Kənd təsərrüfatı naziri Heydər Əsədov avqustun 28-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Cəlilabad, Masallı, Lerik, Yardımlı və Astara rayonlarından olan vətəndaşları qəbul edib. SİA-nın Cənub bürosunun məlumatına görə, nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 35 nəfərin müraciətinə baxılıb. Qəbul zamanı nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

H. Əsədov sakinlərlə görüş zamanı ölkə başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı Sərəncam və qərarların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə kənd təsərrüfatının inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar əsasən iri fermer təsərrüfatlarının yaradılması, kənd təsərrüfatında sığortanın tətbiqi, toxum və gübrələrə olan təlabat, cins mal-qaranın alınması, fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası ilə təminat, su kanallarının bərpası və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbuldan sonra Heydər Əsədov Masallı şəhərində inşa edilən kənd təsərrüfatı idarəsinin inzibati binasında tikinti işlərinin gedişi ilə maraqlanıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə