İqtisadçı ekspert Natiq Cəfərlinin SİA-ya müsahibəsi
- Natiq müəllim, Azərbaycanda qeyri-neft sektorunun hansı sahələrində irəliləyiş etmək olar?
- Əslində Azərbaycanda bir-neçə sahə var ki, burada ənənəvi şəkildə üstünlük qazana bilərik. Bu sahələr üzrə ölkə potensialı da yüksəkdir. Bu sahələrə aqrar sənaye kompleksləri, kənd təsərrüfatı sahəsi aid edilə bilər. Neft və qaz avadanlıqlarının istehsalı da ölkəmizdə genişləndirilə bilər. Bundan başqa tranzit məsələsində də üstünlüyə sahib bir ölkəyik. Azərbaycanın Şərqlə Qərb arasında yerləşir. Buna görə də Avropa və Asiya arasında vasitəçi tranzit ölkəyə çevrilmə imkanımız yüksəkdir. Digər uğur qazana biləcəyimiz sahə isə turizm sahəsidir. Lakin bütün bu sahələrin inkişafı üçün ciddi rəqabətli şərait lazımdır. Rəqabətli mühit sayəsində biznesin müxtəlif sahələri inkişaf edə bilər. Bu həm ölkənin xeyrinə olacaq, həm də yeni iş yerlərinin və qazanc mənbələrinin yaranmasına xidmət edəcək.
- Adını sadaladığınız sahələrin inkişafı üçün hansı işlər görülməlidir?
- Əslində bu sahədə dövlətin üstünə düşən yük olduqca çoxdur. Bu işlər dövlət proqramının qəbulu və ya müəyyən müdaxilələrlə həyata keçməməlidir. Burada qaydaları müəyyən etmək və həmin qaydalara riayət etmək kifayət edər. Əsas məsələ rəqabətli şərait yaratmaqdan ibarətdir. Qaydalara riayyət olunarsa, daha böyük uğurlara nail ola bilərik. Perspektivi olan sahələrə ayrılan kreditlərin aşağı faizlə verilməsi, bu sahələrin inkişafına yardım edə bilər. Bundan başqa uğurlu layihələrin həyata keçirilməsinə maliyyə dəstəyi göstərməklə mühüm addımlar atıla bilər. Bundan əlavə, xarici partnyorlarla əlaqələrin yaradılması və digər addımlar bir çox sahələrin inkişafına yardımçı ola bilər.
- Bəs sahibkarların bu işdəki rolu haqqında nə deyə bilərsiniz?
- Sahibkarlar üçün uzunmüddətli vergi güzəştləri tətbiq etmək olar. Əgər xaricə çıxış imkanları varsa, ixracat potensialı sənayə sahələri yaradılmasına imkan verirsə, bu zaman gömrük rüsumlarında da müəyyən güzəştlər etmək olar. Sahibkarlar da bu dəstək vasitəsilə daha çox vəsait qazandıqdan sonra, daha çox iş yerləri açmağa, daha çox bazarlara çıxmağa və daha çox valyuta qazanmağa çalışacaq. Bu da ölkənin güclənməsinə, gəlirlərin artmasına və neftdən asılılığın azalmasına gətirib çıxaracaq.
- Qeyri-neft sektorunun daha da inkişaf etməsi üçün nə kimi addımlar atılmalıdır?
- Ölkəmizdə qeyr-neft sektorunun inkişafı üçün mühüm addımlar atılır. Prezident İlham Əliyev bu sektorun inkişafını daim nəzarətdə saxlayır. Əlbəttə ki, ölkəmizin neftdən asılılığının azalması bizim üçün müsbət haldır. Qeyri-neft sektorunun inkişafında rəqabətli mühit yarada bilsək Azərbaycanın potensiallı sahələri biraz da inkişaf edər. Biz buna çalışmalı, həm dövlət, həm də biznes sahibkarları tərəfindən müəyyən addımlar atılmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB