Müslim İbrahimov: “İdxal olunan məhsul qiymət artımını qaçılmaz edir” AÇIQLAMA

Müslim İbrahimov: “İdxal olunan məhsul qiymət artımını qaçılmaz edir” AÇIQLAMA

"Biz tarixə fikir versək, 1998-ci ildə Rusiyada kəskin devalvasiyanın şahidi olarıq. Rubl öz dəyərini 5 dəfə itirib". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Müslüm İbrahimov deyib.

Onun sözlərinə görə, Rusiyada da devalvasiya baş verən zaman yerli məhsulların qiymətində artım baş vermişdi: "Bunun səbəbi isə ölkəyə gətirilən xammalın qiymətinin artması olmuşdu. Ölkədə fabrik və zavodlar mövcud olmasına baxmayaraq, onları işlətmək üçün tələb olunan xammal xaricdən gətirilirdi. Yaxud Rusiyada həmin vaxt istehsal olunan məhsullar xammal olaraq xaricə göndərilirdi və özü həmin xammalı hazır məhsul halına gətirərək istehlak üçün vətəndaşlara təqdim edə bilmirdi".

Son günlər ölkəmizdə qiymət artımı ilə bağlı deyilənlərlə əlaqədar fikirlərini bildirən ekspert söyləyib ki, kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə olunmur: "Təbii ki, bizdə də əgər istehsal olunan məhsul üçün əlavələr xaricdən gətirilirsə və gətirilən ölkənin özündə də qiymət artımı baş verirsə, burada qiymət artımı qaçılmazdır. Kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə olunmur. Lakin əvvəlki illərlə müqayisədə onu demək olar ki, məhsulun yetişdirilməsi üçün lazım olan aqreqatların və dərman vasitələrinin qiyməti hər il artır. Bu da kənd təsərrüfatı məhsullarının qiymətinə təsirsiz ötüşmür. Lakin bu yüksək səviyyədə qiymət artımına yol açmamalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə