SOCAR-ın Baş ofisində "Bakı 2015" birinci Avropa Oyunlarında yüksək nailiyyətlər qazanmış "Neftçi İdman Klubu" idmançıları və onların məşqçilərinin mükafatlandırılması mərasimi keçirilib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev bugünkü görüşün əlamətdar bir günə təsadüf etdiyini bildirib, Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi gün münasibəti ilə mərasim iştirakçılarını təbrik edib. O, Azərbaycan və Avropa idmanı üçün tarixi əhəmiyyət kəsb edən birinci Avropa Oyunlarının Azərbaycan dövlətinin, onun müdrik rəhbəri Prezident İlham Əliyev cənablarının qalibiyyətli siyasi iradəsinin parlaq tətəntənəsi olduğunu qeyd edərək, deyib: "Biz yaxşı bilirik ki, müstəqil Azərbaycanın bütün qələbələri kimi, bu tarixi nailiyyətin də arxasında dövlətimizin müdrik rəhbəri Zati-aliləri İlham Əliyevin gərgin əməyi, qətiyyətli siyasi iradəsi durur".
SOCAR prezidenti Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti, respublikamızın birinci xanımı Mehriban Əliyevanın xidmətlərini də xüsusi qeyd edib və vurğulayıb ki, Təşkilat Komitəsinin fəaliyyəti dünya idman ictimaiyyətinin liderləri tərəfindən çox yüksək qiymətləndirilib.
Birinci Avropa Oyunlarında Azərbaycanın dünyanı təkcə bir ev sahibi kimi, yüksək səviyyəli təşkilatçılıq işi ilə deyil, həm də bir idman ölkəsi olaraq öz göstəriciləri ilə heyran qoyduğunu deyən R.Abdullayev idmançılarımızın komanda hesabında Avropa ikincisi olmalarını idman tariximiz üçün böyük nailiyyət kimi dəyərləndirib. Bu uğurun qazanılmasına "Neftçi İdman Klubu" atletlərinin də mühüm töhfələr verdiyini nəzərə çatdıran SOCAR prezidenti bildirib ki, "Neftçi İdman Klubu" "Bakı 2015" Birinci Avropa Oyunlarında 79 idmançı ilə təmsil olunub, 6 qızıl, 5 gümüş və 5 bürünc medal qazanmışlar. SOCAR prezidenti R.Abdullayev bu münasibətlə "Neftçi İdman Klubu"nun rəhbərliyini, məşqçiləri və atletləri ürəkdən təbrik edib, onlara daha böyük uğurlar arzulayıb.
Paralimpiya cüdosu üzrə Avropa Oyunlarının çempionu İlham Zəkiyev, onun məşqçisi İbrahim İbrahimov, yunan-roma güləşi üzrə Avropa Oyunlarının çempionu Rəsul Cunayevin məşqçisi İsmayıl Çöpsiyev, qılıncoynatma üzrə Avropa Oyunlarının II və III yeri tutmuş Sevil və Sevinc Bünyatova bacılarının anası Həzrə Bünyatova idmanın inkişafına, yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına minnətdarlıqlarını bildiriblər.
Sonda "Bakı 2015" birinci Avropa Oyunlarında yüksək nailiyyətlər qazanmış "Neftçi İdman Klubu" idmançıları və onların məşqçilərinə SOCAR-ın qiymətli hədiyyələri və pul mükafatları verilib. Sadıq Sadıqov "Neftçi İdman Klubu"nun kollektivi adından SOCAR prezidentinə Avropa Oyunlarının xatirə hədiyyəsini təqdim edib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB