38 tələbə SOCAR-ın hesabına xaricdə təhsil alır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) xaricdə təhsillə bağlı Təqaüd Proqramı çərçivəsində hazırda 18 bakalavr, 19 magistr, 1 uzmanlıq təhsili alan 38 tələbə Avropa, ABŞ və Türkiyənin yüksək reytinqli universitetlərində oxuyur. SOCAR-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu barədə şirkətin xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclasında məlumat verilib.

Qeyd edilib ki, istedadlı və perspektivli gənclərin SOCAR-ın vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə Xarici Təqaüd Proqramı çərçivəsində həyata keçirilən işlər uğurla davam etdirilir. Artıq 212 nəfər (bakalavr pilləsi üzrə 39, magistr pilləsi üzrə 171, uzmanlıq üzrə 2 məzun) təhsilini başa vuraraq vətənə qayıdıb və SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunub. Hazırda məzunlardan 25 nəfəri SOCAR-ın idarə və müəssisələrində rəhbər vəzifələrdə calışır, 151 nəfər isə ixtisasları üzrə şirkətin müxtəlif struktur bölmələrinə təyinat alıb.

Daha sonra Türkiyənin Ege Universitetində beyin cərrahlığı üzrə uzmanlıq dərəcəsi almış Ramiz Əhmədov komissiya üzvləri qarşısında hesabatla çıxış edib. O, təhsil aldığı ixtisas və ali təhsil ocağı, eləcə də ictimai fəaliyyəti barədə komissiya üzvlərinə ətraflı məlumat verib. Ramiz Əhəmədovun hesabatı müsbət qarşılanıb, hazırda SOCAR-ın tabeçiliyində tibb müəssisəsi olmadığı üçün ona azad təyinat verilib.

Komissiya üzvləri Təqaüd Proqramı çərçivəsində Böyük Britaniyanın Aberdin Universitetində neft mühəndisliyi ixtisası üzrə əla qiymətlərlə bakalvr dərəcəsi almış Firudin Əliyevin "İmperial Kollec London"da eyni ixtisas üzrə magistr təhsili məsələsinə baxaraq müsbət rəy bildiriblər. SOCAR-ın Təqaüd Proqramına qoşulmaq istəyən İsmayıl Süleymanov, Rüfət Quliyev, Faiq Kərimli və Toğrul Aslanovun namizədlik məsələsi də müzakirə olunub. Onların təhsildə göstəriciləri, seçdikləri ali təhsil ocaqlarının reytinqi və ixtisasları SOCAR-ın Təqaüd Proqramına müvafiq gəldiyi üçün müraciətləri müsbət dəyərləndirilib, onlar şirkətin proqramına daxil ediliblər. İclasda həmçinin cari məsələlərə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə