Bir neçə kəndə ilk dəfə qaz verildi FOTOLAR

Bir neçə kəndə ilk dəfə qaz verildi FOTOLAR

Son illər ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir. Ölkədə qazlaşdırmanın səviyyəsi yüksəlir, xalqın maddi rifah halı yaxşılaşır. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, həyata keçirilən genişmiqyaslı işlər nəticəsində İmişli və Sabirabad rayonlarının bir neçə kəndinə də ilk dəfə olaraq təbii qaz verilib.

İmişli rayonunun Əliqulular kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 342 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 31 908 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonentə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Daha sonra isə Sabirabad rayonunun Ağtaçı Muğan, Güdəcühür, Dadaşbəyli və Osmanlı kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. Açılış mərasimlərində bildirilib ki, 475 abonenti olan Ağtaçı Muğan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 34 941 metrlik müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 475 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 361 abonenti olan Güdəcühür kəndinin qazlaşdırılması üçün uzunluğu 29 655 metr olan daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 361 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Dadaşbəyli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 22 522 metrlik polietilen və uzunluğu 22 867 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 253 abonentin hər birinə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Osmanlı kəndinin 266 abonentinin qazlaşdırılması üçün də uzunluğu 22 702 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 266 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə