Azərbaycanın xarici ticarət dövriyyəsi 39,5 milyard dollar olub
Avropa İttifaqı, Dünya Bankı və Gürcüstanın Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Tbilisidə "Qafqaz və Mərkəzi Asiya ölkələrində büdcə məsələləri və fiskal siyasət" mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan Respublikasının Maliyyə, İqtisadiyyat və Sənaye nazirliklərinin, Mərkəzi Bankının nümayəndələrinin də iştirak etdiyi tədbirdə Gürcüstanın maliyyə naziri Nodar Xaduri, Beynəlxalq Valyuta Fondunun Gürcüstandakı nümayəndəsi Azim Dadikov, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Keral və başqaları çıxış edərək büdcə və fiskal siyasət, büdcə proqramlarının həyata keçirilməsi və prioritetləri barədə fikirlərini bölüşüb, beynəlxalq maliyyə qurumlarının proqnozlarını diqqətə çatdırıblar.
Konfransda çıxış edən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin büdcə departamentinin rəisi Fazil Fərəcov ölkəmizdə real makrofiskal və monitar vəziyyət, 2014-cü ildə əldə olunan uğurlar, neftin qiymətinin kəskin düşməsi nəticəsində yaranan vəziyyətdən çıxış yolları, iqtisadiyyatın tənzimlənməsi, manatın ucuzlaşması nəticəsində dövlət və icmal büdcələrin gəlir və xərclərində yaranmış real vəziyyət, bu istiqamətdə hökumətin gördüyü tədbirlər, 2015-2019-cu illərdə qarşıda duran büdcə-vergi siyasətinin əsas prioritetləri barədə məlumat verib. Bildirib ki, qlobal maliyyə böhranına baxmayaraq son 7 ildə Azərbaycanda Ümumi Daxili Məhsul istehsalının həcmi xeyli artıb. 2014-cü ildə bu artım 2,8 faiz təşkil edib.
Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 39,5 milyard dollar olub. Bunun da, 30,3 milyard dolları ixracın payına düşüb.
2014-cü ildə inflyasiya 1,4 faiz, əhalinin real gəlirləri 4,8 faiz olub. Dövlət zəmanətli xarici borc 2015-ci il yanvarın 1-nə 6,7 milyard dollar təşkil edib.
F.Fərəcov deyib ki, hökumət iqtisadiyyatın şaxələndirilməsi, aqrar sektorun, xüsusən də kiçik və orta sahibkarlığının inkişafı istiqamətində xüsusi proqramlar həyata keçirir. İqtisadiyyatın inkişafı ilə bağlı qəbul olunmuş xüsusi proqramlar, dövlət büdcəsinin təsdiqi və həyata keçirilməsi, Azərbaycan Respublikası üzrə Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı (PEFA) tərəfindən müsbət qiymətləndirilib.
Tədbir iştirakçıları Azərbaycan nümayəndə heyətinin çıxışlarını və müzakirələr zamanı səsləndirdikləri təklifləri yüksək qiymətləndiriblər.
Beynəlxalq Valyuta Fondunun Gürcüstandakı nümayəndəsi Azim Dadikov AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib ki, Azərbaycan nümayəndə heyəti bu tədbirdə çox fəal iştirak edib. F.Fərəcovun məruzəsi, səsləndirdiyi rəqəmlər, digər nümayəndələrin qaldırdıqları məsələlər, suallar və təkliflər olduqca düşündürücü və maraqlı idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB