Vahid Əhmədov: “Dövlətimiz açıq qapı siyasəti elan edib” AÇIQLAMA
"Azərbaycan öz qazını Avropaya çıxarmadan öncə Rusiya çalışırdı ki, Azərbaycan öz qazını Rusiya vasitəsi ilə xaricə ixrac etsin, hətta istənilən qiymətə də almağa hazır idi". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Milli Məclisin iqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, Azərbaycana rusiyalı siyasətçilər tez – tez səfər edir, Azərbaycan qazının Rusiya vasitəsilə nəqlini təklif edirlər. Azərbaycan isə özünün müstəqil siyasətini yürüdür: "Rusiya Dövlət başçısı, Baş naziri, "Gazprom" şirkətinin prezidenti mütəmadi olaraq Azərbaycana gəlir, dövlət rəhbərliyi ilə görüşlər keçirir, amma ümumi razılığa gəlinə bilmir. Dövlət başçısı Azərbaycanın müstəqilliyini ön plana çıxararaq Azərbaycan qazının Türkiyə və Gürcüstan vasitəsi ilə Avropaya çıxarılması haqqında qərar verib. TANAP və TAP layihələrinə imza atılıb. Yəni, bu layihəyə artıq imza atılıb və bu layihənin çəkilməsində müəyyən problemlər yaratmaq istəyirlər. Amma ümid edirik ki, bu layihə həyata keçiriləcək. Layihə vasitəsi ilə Azərbaycan öz qazını Avropaya ixrac edəcək. Əlbəttə, müəyyən çətinliklər olacaq. Dövlət başçısı bunu çox gözəl başa düşür".
Vahid Əhmədov enerjinin nəqli məsələsində Türkiyə haqqında səslənən mənfi fikirlərə də münasibət bildirib. O qeyd edib ki, Türkiyə Azərbaycanın strateji müttəfiqidir və biz hamı ilə müsbət münasibətləri qoruyub saxlayırıq: "Müəyyən manevrlərlə bəzi dövlətlər Türkiyənin adını mənfi cəhətdən hallandırsalar da, Türkiyə bizə qardaş dövlətdir, strateji müttəfiqimizdir. Rusiya da bizim strateji müttəfiqimizdir, dövlətimiz açıq qapı siyasəti elan edib. Biz hamı ilə münasibətləri qoruyub saxlayırıq, o cümlədən Avropaya qazı Türkiyə vasitəsi ilə çıxarmaq fikrimiz var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB