Lənkəranda körpüyə alternativ yol çəkilib

Lənkəranda körpüyə alternativ yol çəkilib

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 186-cı kilometrliyində ikinci alternativ yol açılıb. "Azəryolservis" ASC-dən verilən məlumata görə, yolun ümumi uzunluğu təqribən 3 kilometrdir.

Bakı-Masallı istiqamətindən gələn nəqliyyat vasitələri Lənkəran rayonu Boladiçay üzərində yerləşən qəzalı körpüyə çatmamış sağa, Boladi-Zövlə yoluna dönərək hərəkətlərinə davam edə bilərlər. Boladi-Zövlə yolu ilə təqribən 500 metr irəlilədikdən sonra yeni inşa olunan Lənkəran-Masallı-Bakı avtomobil yolunda yerləşən körpüyə çıxış təmin olunub. Bu çıxışdan istifadə etməklə sürücülər yeni inşa olunan yolla təqribən 2 kilometr məsafə qət edərək, yenə də sola dönməklə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna çıxacaqlar.

Lənkərandan Masallı-Bakı istiqamətində hərəkətdə olan nəqliyyat vasitələri də sözügedən ikinci alternativ yoldan istifadə edə bilərlər.

Bu yolla nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə "Azəryolservis" ASC tərəfindən bütün lazımi işlər həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə