Dövlət qulluğunda son yeniliklər müzakirə edilib

Dövlət qulluğunda son yeniliklər müzakirə edilib

Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Avropa Xarici Fəaliyyət Xidmətinin birgə təşəbbüsü ilə "Azərbaycan Respublikasının dövlət qulluğunda son yeniliklər" mövzusunda seminar təşkil edilib. Komissiyadan SİA-ya verilən xəbərə görə, Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramının "Demokratiya, yaxşı idarəçilik və sabitlik Platforması"nın "Dövlət Qulluğu İslahatları Paneli" çərçivəsində təşkil olunan tədbirdə Azərbaycanın dövlət orqanlarının nümayəndələri ilə yanaşı Ukrayna, Belarus, Gürcüstan və Moldovadan dövlət qulluğuna məsul olan dövlət qurumlarının və dövlət idarəçilik akademiyalarının nümayəndələri, habelə Avropa İttifaqının, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) və BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan Respublikasındakı nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.

Seminarın keçirilməsində məqsəd dövlət idarəçiliyi və dövlət qulluğu, eləcə də vətəndaşlara göstərilən keyfiyyətli və innovasiyalara əsaslanan dövlət xidmətləri sahəsində Azərbaycan Respublikasının mövcud təcrübəsinin Şərq Tərəfdaşlığı Proqramının iştirakçı ölkələri ilə mübadiləsi, qeyd edilən sahələrdə uğurlar və problemlər haqqında fikir mübadiləsinin aparılması olmuşdur. Seminarda digər ölkələrin dövlət qulluğu sahəsində mövcud təcrübələri də iştirakçılara təqdim olunub.

Seminarı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Avropa İttaifaqı ilə əməkdaşlığın, o cümlədən Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlığın Azərbaycan Respublikası üçün önəmli olduğunu qeyd edib. Bildirilib ki, Komissiya Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramının "Demokratiya, yaxşı idarəçilik və sabitlik Platforması"nın "Dövlət Qulluğu İslahatları Paneli"nin fəal tərəfdaşıdır. Komissiyanın Avropa İttifaqı, BMT İnkişaf Proqramı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə həyata keçiridiyi dəstək layihələri çərçivəsində dövlət qulluqçularının potensiallarının artırılması istiqamətində əməli tədbirlər həyata keçirdiyini deyən Komissiya sədri vurğulayıb ki, dövlət qulluqçusuna inam dövlət qulluğuna şəffaf və obyektiv qəbuldan başlayır. Diqqətə çatdırılıb ki, Komissiya dövlət qulluğuna qəbul məsələlərində dövlətimizin onun qarşısına qoyduğu məqsədə nail olub. Çıxışının sonunda B.Xəlilov bildirmişdir ki, seminar ərzində dövlət qulluğuna qəbulda obyektivlik və şəffaflığın təmin edilməsi, xidməti fəaliyyətin qiymətləndirilməsi, etik davranış qaydalına əməl olunmasına nəzarət edilməsi və s. məsələlər barədə Azərbaycan təcrübəsi iştirakçıların nəzərinə çatdırılacaq.

Sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən Rza Zülfüqarzadə çıxış etmişdir. O, Aİ ilə Azərbaycan arasında dövlət qulluğu sahəsində əməkdaşlıqdan danışaraq qeyd etmişdir ki, bu əməkdaşlıq "Dövlət qulluğu haqqında" Qanunun həyata keçirilməsi məqsədilə Avropa İttifaqının TASİS Proqramı çərçivəsində dövlət qulluğu sahəsində islahatlara yardım üzrə layihənin icrası ilə başlamışdır. Nəzərə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluğu sahəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün zəruri olan bütün addımları atmış və bu sahədə böyük uğurlar əldə edib. R.Zülfüqarzadə Avropa İttifaqı, BMT İnkişaf Proqramı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə həyata keçirdikləri Komissiyaya dəstək layihələrinin uğurla icra olunacağına əmin olduğunu bildirib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi Rəşad Şirinov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın qısa zaman ərzində dövlət qulluğu sahəsində böyük uğurlara nail olduğunu qeyd etmiş və Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlığın bütün dövlətlər üçün faydalı olduğunu bildirib.

Sonra seminar iştirakçıları üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsi Afaq Hüseyn "Azərbaycanda dövlət qulluğunun səmərəliliyinin artırılması mexanizmləri" mövzusunda, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) layihə meneceri Melanie Wiskow və BMT İnkişaf Proqramının layihə meneceri Sabirə Şıxəliyeva "Hərtərəfli İnstitusional Quruculuq Proqramının İnstitusional İslahat Planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Dəstək" layihəsinin həyata keçirilməsinə baxış" mövzusunda, İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi Aynur Arazova "Aİ – Azərbaycan əməkdaşlığı, Aİ yardım alətləri" mövzusunda, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Fariz Cəfərov "Çağdaş innovasiyaların tətbiq edilməsi və şəffaflığın artırılması şəraitində dövlət xidmətlərinin çatdırılmasında əldə olunan nailiyyətlər" mövzusunda və Ukraynanın Dövlət Qulluğu Milli Agentliyinin nümayəndəsi Radmila Voytoviç "Müasir problemlər şəraitində Ukraynada dövlət qulluğunun islahatlarının innovativ prinsipləri" mövzusunda təqdimatla çıxış ediblər.

Sonra təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə