Nazir müavini: "Nəqliyyatda kart sisteminin vaxtı dəqiqləşdi"

Nazir müavini: "Nəqliyyatda kart sisteminin vaxtı dəqiqləşdi"

"Şəhər nəqliyyatında vahid kart sisteminin tətbiqinə I Avropa Oyunlarından sonra başlanılacaq". SİA-nın məlumatına görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə açıqlamasında deyib.

Bakı metrosunda vahid kart sisteminin tətbiqi ilə bağlı işlərin yekunlaşdığını deyən M. Pənahov bu sahədə müvafiq işlər görüldüyünü vurğulayıb: "Proqram təminatı, prosesinq mərkəzinin yaradılması, vətəndaşlara kartların verilməsi, onların doldurulması məsələləri artıq öz həllini tapıb. I Avropa Oyunlarından sonra vahid kart sisteminin tətbiqinə addım-addım başlanılacaq. Köhnə kartlara sahib olan vətəndaşlar istədiyi vaxt kartı yenisi ilə əvəz edə bilər".

M. Pənahov həmçinin "BakuBus" MMC-nin təklif etdiyi sərnişindaşıma xidmətləri ilə bağlı məsələyə də aydınlıq gətirib. O deyib ki, "BakuBus" MMC-nin təklif etdiyi sərnişindaşıma xidmətləri mövcud tariflərə uyğun tənzimlənəcək: "İctimai nəqliyyatda bütün qiymətlər dövlət tərəfindən tənzimlənir və "BakuBus" MMC bu qiymətlərə uyğun fəaliyyət göstərəcək. Sadəcə hər kəs bilməlidir ki, bu avtobuslar ən müasir avtobuslardır. Vətəndaşlardan da xahişimiz budur ki, bu avtobuslarla çox diqqətli davransınlar. Tariflər isə eynidir və heç bir dəyişiklik olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə