Fond sədri: “Komissiyasız pensiyanın çəkilməsi ilə bağlı işlər aparılır” AÇIQLAMA
"Pensiyaçıların digər bankomatlardan pullarını komissiyasız əldə etməsi ilə bağlı müəyyən izahat işləri aparılır". Bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Fondun binasında keçirilən brifinq zamanı deyib.
O qeyd edib ki, bu DSMF-nin həyata keçirmək istədiyi bir layihədir. Layihə ilə bağlı Mərkəzi Banka təklif göndərilib və iş görülür: "Biz bu məsələni Mərkəzi Bank və digər aiddiyyatı banklar qarşısında qaldırmışıq, amma bu iş həmin bankların reallaşdıracağı layihənin nəticələrindən asılıdır. Hazırda bununla bağlı danışmaq çox tezdir. Bu, Azərbaycanın bank infrastrukturunu milli ödəniş səviyyəsini yenidən qurmasını tələb edən bir məsələdir. Kifayət qədər mürəkkəb bir layihədir və həmin layihə çərçivəsində Mərkəzi Bank hazırda böyük miqyaslı işlər aparmaqdadır. Dövlət Sosial Müdafiə Fondu olaraq biz də bu problemi bank qarşısında qaldırmışıq və Mərkəzi Bankın milli ödəniş sisteminin tamamilə müasir standartlar əsasında formalaşdırılması istiqamətində apardığı islahatlar nəticəsində də bu məsələ nəzərə alınacaq".
Elman Mehdiyev onu da vurğuladı ki, bu layihə hələ reallaşdırılmayıb, bununla bağlı pensiyaçılara səhv məlumatlar çatdırılır və bu da onların haqlı narazılığına səbəb olur: "Amma bu məsələni pensiyaçılara hazırda reallaşdırılan məsələ kimi çatdırmağı məqsədə uyğun hesab etmirik, çünki bu çaşqınlığa səbəb ola bilər. Pensiyaçılarımız hazırda bir sıra banklara üz tutaraq müəyyən narazılıqlarla üzləşə bilirlər. Bu məsələyə ətraflı izah vermək lazımdır ki, bu məsələ Dövlət Sosial Müdafiə Fondunun qaldırdığı bir məsələdir, bu bir layihədir və biz çalışırıq ki, müvəkkil banklarla, o cümlədən Mərkəzi Bankla birlikdə həmin layihə çərçivəsində bu məsələyə nail olaq. Yalnız bundan sonra məsələ həll olmuş kimi cəmiyyətə təqdim oluna bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB