Vahid Əhmədov: “Dövlət ipoteka ilə bağlı qərar verəcək” AÇIQLAMA

Vahid Əhmədov: “Dövlət ipoteka ilə bağlı qərar verəcək” AÇIQLAMA

"Mərkəzi Bankın İdarə Heyətinin sədri qeyd etdi ki, ipoteka ilə bağlı proqramımız var. Bu məsələ çoxdan gündəmdədir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda mənzil təminatı ilə bağlı işlər görülməlidir, çünki bu sahədə problemlər var. İpoteka ilə bağlı 2006-cı ildə qəbul edilən qərardan sonra yalnız Cənab Prezident məbləği artırıb. Dövlət tərəfindən ipoteka ilə bağlı qanun layihəsi yenilənməlidir ki, hamı ev ala bilsin, evlə təmin olunsun: "Milli Məclisdə hökumətin hesabatında dövlət büdcəsi müzakirə olunan zaman texniki məsələyə toxunmuşuq. Azərbaycanda mənzillə bağlı ciddi problem var. Hətta, mən dövlət büdcəsi hesablananda mənzil proqramının hazırlanmasını təklif etdim. Çünki böyük şəhərlərdə deyil, rayonların özündə də mənzillə bağlı problem var. Bu problemlərin müxtəlif həlli yolları var: ipoteka, sosial evlər. Türkiyə variantı var, Almaniya variantı da, bu vasitələrdən istifadə etmək lazımdır ki, ailələr mənzillə təmin edilsin. İnanıram ki, Azərbaycan dövlətinin buna imkanı var. İpoteka da bunun bir formasıdır. İpotekanın ilk növbədə şərtləri bizi qane etmir. 2006- cı ildə qəbul olunan şərtlərlə bu günə qədər qalıb. Ondan sonra yalnız Cənab Prezident 35 min manatdan 50 min manata qaldırıb ki, bu məbləğ də hazırki vəziyyət üçün azdır. Biz istəyirik ki, məbləğ 80, 100 min manat olsun ki, hər kəs ev ala bilsin. Çünki ilkin ödəniş 15 % -dir, 50 min manatın 15%-i 7500 manat edir. Bu da böyük məbləğdir, bu da azalmalıdır. Yəni bu məsələləri həll etmək lazımdır ki, hər kəs ev ala bilsin".

Vahid Əhmədov dövlət büdcəsindən 2015-ci il üçün ipotekaya ayrılan məbləğin az olduğunu vurğuladı. Bir neçə qurum tərəfindən layihə hazırlandığını və hökumətin bununla bağlı qərarlar qəbul edəcəyini ifadə etdi: "Büdcədə ümumi məbləğ 40 milyon manatdır ki, bu da 2015-ci il üçün çox azdır. Bütün məsələlər öz həllini tapmalıdır. Gənclər və İdman Nazirinin xüsusi təklifləri var. Mərkəzi Bankın özünün də təklifləri var və ona baxılır. Lakin bununla əlaqədar hələ qərar qəbul edilməyib. Mənim təklifim isə məntiqli plan işləyib hazırlamaqdır ki, Azərbaycanda həm regionlarda, həm bölgələrdə, həm də iri şəhərlərdə işlənərək öz həllini tapsın. İqtisadiyyat Komitəsi olaraq qanun layihəmiz var. Biz təkliflərimizi vermişik, 3 gün bundan əvvəl İdarə Heyəti üzrə Komitənin iclası keçirildi. Orada da fikir mübadiləsi apardıq. Yəni bu məsələ hər zaman gündəmdədir, üzərində işlənəcək və hökumət bununla bağlı qərar verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə