Azərbaycanda üzən məzənnəyə keçid üçün hazırlıq gedir

Azərbaycanda üzən məzənnəyə keçid üçün hazırlıq gedir

Azərbaycanda üzən məzənnəyə hazırlıq gedir

Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov növbəti dəfə manatın devalvasiyasından sonra ölkədə yaranmış iqtisadi vəziyyət barədə danışıb. SİA-nın məlumatına görə, Elman Rüstəmov manatın ucuzlaşmasından sonra Azərbaycan cəmiyyətində hər şeyin yerinə düşdüyünü bildirib.

E. Rüstəmov deyib ki, manatın korreksiyaya uğramasının zəruriliyini ekspertlər, bu sahədən başı çıxan insanlar daha yaxşı anlayır: "Bir daha deyirəm ki, devalvasiyaya uğrayan manat yox, Azərbaycan neftidir. Vaxtı ilə neftin qiyməti 140 dollar idi. Bu gün isə qiymət 55 dollara qədərə düşübsə, bunu düşünmək lazımdır. Buna reaksiya verməmək, görməzlikdən gəlmək Azərbaycan iqtisadiyyatını, milli iqtisadiyyatı uçuruma aparmaq kimi bir şeydir. Neftin qiymətinin düşməsi fonunda manatın məzənnəsinin aşağı salınması barədə Mərkəzi Bankın verdiyi qərar məsuliyyətlidir".

E. Rüstəmov deyib ki, bu gün manat öz dəyərini axtarır və axtaracaqdır: "Çünki, biz bir dinamik sistemə daxil olduq. Ona görə də hamı hər gün neftin, dolların, manatın, rublun və.s məsələləri hərəkətini izləyir. Manatın bu günkü qiymətini "idarə olunan üzən məzənnə" adlandırıq. Üzmə odur ki, manat dinamik olaraq dəyişən makroiqtisadi situasiyadan asılı olaraq xarici valyutalara nisbətdə öz dəyərini axtarıb tənzimlənməliyik. Məqsəd valyutamız və ixracatlarımızın xeyir götürə bilməsi üçündür".

E. Rüstəmov qeyd edib ki, manat tam üzən məzənnəyə keçidə hazır deyil: "Bunun bir sıra səbəbləri var. Tam üzən məzənnəyə keçmək üçün daxil çoxlu valyuta qazanan və satan bazar olmalıdır. Bu gün isə valyuta satan əsas təşkilatlar Dövlət Neft Fondu, SOCAR və Mərkəzi Bankdır. Ona görə də üzən məzənnəyə tam keçidə hazır deyilik. Ancaq üzən məzənnəyə keçidə hazırlıq gedir. Gələcəkdə biz bunu təmin etməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə