Azər Mehdiyev: “OPEC daxilində parçalanma baş verə bilər” AÇIQLAMA

Azər Mehdiyev: “OPEC daxilində parçalanma baş verə bilər” AÇIQLAMA

"Yaxın Şərqdə baş verən hadisələrə Səudiyyə Ərəbistanı, İran və s.cəlb olunub. Təbii ki, bu ölkələr neft ixrac edən dövlətlər olmaqla dünyanın neft bazarına təsir göstərirlər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Azər Mehdiyev deyib. Onun sözlərinə görə, bu gün dünyada neftin qiymətinin düşməsi tələb olunan bir məsələdir. Çünkü Çinin iqtisadi göstəriciləri azalmaqda, Amerika isə öz neftini ixrac etməyə hazırlaşmaqdadır: "Nəzərə almaq lazımdır ki, xüsusilə bu ölkələr OPEC üzvü olan ölkələrdir və ona görə də bu təsirlər haqqında birmənalı fikirlər yürütmək çətindir. Bir tərəfdən Yəmən hələ ki dünya neft bazarında ciddi bir paya malik olan ölkə deyil. Yəməndə baş verən proseslərlə dünyada neftin qiymətində qalxmanın baş verməsi mümkün deyil. Ona görə ki, hazırda neft bazarlarında qiyməti aşağı salan amillər kifayət qədər yüksəkdir. Amerikada neft hasilatının artması, hasil olunan neftin ixraca hazırlanması, Çində iqtisadi artım templərinin aşağı düşməsi və s.amillər burada əsas rol oynayır. Eyni zamanda, dünya bazarlarında o da hiss olunur ki, siyasi iradə hazırda texniki olaraq qiymətlərin aşağı düşməsində maraqlıdır, ən azından bazarda baş verən proseslər baxımından bu belədir".

Ekspert həmçinin qeyd etdi ki, Yəmən məsələsində Səudiyyə Ərəbistanına qarşı birləşən ölkələr artıq OPEC daxilində fikir ayrılığına gətirəcək ki, bu halda digər ölkələr bundan istifadə edərək kvota tələblərini nəzərə almayacaqlar. Sonda neftin qiyməti dünyada sabit qalmayacaq: "İkinci bir məsələ təbii ki, İran və Suriyanın Səudiyyə Ərəbistanına qarşı xartiyaya qoşulması OPEC-in daxilində bir parçalanmaya gətirib çıxara bilər. Hansı ki, əgər bu baş verərsə bundan əslində heç bir müsbət nə isə gözləmək mümkün deyil. Çünkü bu münaqişələr özü özlüyündə OPEC-də hər hansı bir gərginlik yaradarsa, qurum daxilində hər hansı razılaşmaların əldə olunması çətinləşə bilər. Nəticədə, neftdən asılı olan ölkələrin hansı isə kvotaları pozmasına və neftin ixracını artırmasına gətirib çıxarda bilər. Bu da neftin qiymətinin artmasına gətirib çıxardan amil ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə