Komitə sədri: “Sonda Azərbaycan udmuş vəziyyətdə olacaq” AÇIQLAMA
"Avropa Oyunları üçün ayrılan büdcənin azaldılması, bəzi proqramların daha ekonomik həyata keçirilməsi deməkdir". Bu sözləri bu gün Bakıda keçirilən Azərbaycan İnvestisiya Sammitində jurnalistlərə açıqlama verən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib. O qeyd edib ki, Avropa Oyunlarının böyük vəsait tələb edən işləri artıq yekunlaşdırılıb. Büdcənin azaldılması heç bir mənfi təsir etməyəcək: "Artıq böyük vəsait tələb edən bütün işlər görülüb. Bildiyiniz kimi ən böyük vəsait tikinti və təmir işlərinə gedir. Daha çox vəasit qurğuların hazırlanmasına, təşkilat komitəsinin fəaliyyətinə xərclənir. Artıq Avropa Oyunlarının başlanmasına 88- 87 gün qalıb. Mən hesab edirəm ki, büdcə azalması heç bir təsir göstərməyəcək".
Çingiz Hüseynzadə onu da vurğuladı ki, bütün dünyada yarışları təşkil edən komitələr özləri xərcləri ödəyirlər. Azərbaycan da təşkilatçı olaraq Avropa Oyunlarının bütün xərclərini öz üzərinə götürüb. Yekunda Azərbaycan bu yarışlardan udmuş vəziyyətdə çıxacaq: "Bütün Olimpiya oyunlarında idmançıların yaşayışı, xərci və yol pulu təşkilat komitələri tərəfindən qarşılanır. Yəni bu kontraktların hamısında qeyd olunur. Bizim bu Avropa Oyunlarda da biz təşkilatçı tərəf kimi idmançıların bütün xərclərini qarşılayırıq. Bu normal bir vəziyyətdir. Bizim üstünlüyümüz ondan ibarətdir ki, əgər Olimpiya oyunlarında bütün marketinq gəlirləri Beynəlxalq Olimpiya Komitəsinə məxsusdursa, bizdə bütün əldə edilən gəlirlər, istər biletlərin satışından, istərsə də televiziyadan daxil olan gəlirlər Azərbaycanın öz gəlirləri olacaq. Yəni biz Olimpiya Oyunlarından qazanılan gəliri heç kəslə bölməyəcəyik və bunlar Azərbaycana qalacaq. Ona görə mən hesab edirəm ki, sonda biz hesablayanda Azərbaycan udmuş vəziyyətdə olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB