Azərbaycanın "Şahdəniz-2" yatağından hasil olunacaq qazı Türkiyəyə, qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi ilə bağlı videoçarx hazırlanıb.
SİA-nın verdiyi xəbərə görə, videoçarxda Azərbaycan qazının TANAP-la Türkiyəyə 2018-ci ildə çatdırılacağı qeyd olunur. Bildirilir ki, ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin nəqletmə imkanları sonradan 24 milyard kubmetrə və daha sonra 31 milyard kubmetrə çatdırılması planlaşdırılır. 1850 kilometr uzunluğunda "Cənubi" qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən "Trans-Adriatik" (TAP) boru kəməri qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
Videoçarxda məlumat verilir ki, TANAP qaz boru kəməri Türkiyənin Gürcüstan ilə sərhədində Türkgözü kəndindən başlayaraq Ardahan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhanə, Giresun, Sivas, Yozgat, Kırşəhər, Kırıkkale, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə olmaqla 20 şəhər, 67 rayon və 600 kənddən keçərək qardaş ölkə ilə Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında TAP-a birləşəcək./azərtac/
Bütün xəbərlər Facebook səhifəmizdə