İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Böyük Britaniya Parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi Çarlz Hendri ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdən əvvəl Böyük Britaniyalı qonaqlar Bakı Biznes Mərkəzində Azərbaycanın son 10 ildə əldə etdiyi sosial-iqtisadi uğurları əks etdirən sərgi ilə tanış olub. Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Böyük Britaniyada qeydiyyatdan keçmiş Azərbaycan təşkilatlarının fəaliyyəti, bu ölkədə təhsil alan azərbaycanlı gənclər, keçirilən müxtəlif tədbirlər də iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verir: "Azərbaycan və Böyük Britaniya iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji, ticarət, investisiya qoyuluşu sahələrində əməkdaşlıq edirlər. Hazırda Azərbaycanda 543 Britaniya sərmayəli şirkət fəaliyyət göstərir. Böyük Britaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 20 milyard ABŞ dolları investisiya qoyulub".
Nazir Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi imkanlarını qeyd edərək, turizm, ekologiya, İKT, enerji, kənd təsərrüfatı məhsullarının istehsalı, investisiya, eləcə də Azərbaycanda yaradılan sənaye parklarında Britaniya şirkətlərinin iştirakı və Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq, birgə biznes forum və sərgilərin keçirilməsi sahələrində əməkdaşlığa dair fikirlərini bildirib: "Ölkəmizdə sahibkarlıq sürətlə inkişaf edir və bir sıra sahibkarlar artıq iri investora çevrilib. Bunlar isə Azərbaycan şirkətlərinin Böyük Britaniyada fəaliyyətinin genişlənməsinə yeni imkanlar açır. Nazir Şahin Mustafayev əməkdaşlıqda yeni istiqamət olan Azərbaycan və Böyük Britaniya arasında yaradılacaq Birgə Hökumətlərarası Komissiyanın ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusilə əhəmiyyətli olacağını vurğulamışdır. Hökumətlərarası Komissiya çərçivəsində iqtisadiyyatın müxtəlif sahələri üzrə dövlət qurumlarının və özəl sektor təmsilçilərinin əlaqələrinin genişləndirilməsi təşviq olunacaqdır".
Böyük Britaniya Parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi Çarlz Hendri Azərbaycana səfərindən və səmimi qəbuldan məmnunluğunu bildirib, qarşılıqlı səfərlərin əlaqələrin genişləndirilməsində əhəmiyyətini qeyd edib. Çarlz Hendri Azərbaycan və Böyük Britaniya arasında Birgə Hökumətlərarası Komissiyanın müxtəlif sahələrdə, eləcə də iş adamları arasında əlaqələrin inkişafında, Böyük Britaniya şirkətlərinin Azərbaycanda mövcud olan imkanlarla yaxından tanış olması baxımından əhəmiyyətli olacağını vurğulayıb. Görüşün sonunda "Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında" Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Böyük Britaniya Parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi Çarlz Hendri imzalayıb. Memoranduma əsasən, Azərbaycan və Böyük Britaniya arasında Birgə Hökumətlərarası Komissiya yaradılacaq, iqtisadi və ticarət əlaqələri daha da genişləndiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB