Mərkəzi Bankın 21 fevral qərarı Milli Məclisdə də müzakirə olunub
Milli Məclisin bu gün keçirilən plenar iclasında Məkəzi Bankın 21 fevral tarixli qərarı müzakirə olunub. SİA-nın məlumatına görə, çıxış edən millət vəkili Fərəc Quliyev deyib ki, ölkədə bu qərar vətəndaşlar tərəfindən böyük narahatlıqla qarşılanıb.
F. Quliyev bildirib ki, yaranmış vəziyyətdən istifadə edənlər var.
Millət vəkili İqbal Ağazadə deyib ki, Mərkəzi Bank 21 fevral tarixli qərarı ilə əhaliyə külli miqdarda zərər dəyib: "Ölkədə bazarı tənzimləyən qurumlar iş adamlarını süni qiymət artımına görə xəbərdar edirlər. Ancaq necə olur ki, 34% bahalaşma olur? Əhalinin banklarda olan 3 mlrd. manat əmanətinə zərər dəyib. Maaşlar indeksasiya edilməlidir və 34%-lik bahalaşma hökumət tərəfindən kompensasiya edilməlidir".
Milli Məclisin sədri Oqtay Əsədov isə İqbal Ağazadəyə cavabında deyib ki, əhalinin banklarda olan 3mlrd. manatlıq əmanətlərinə ziyan dəyməyib: "Dünyada gedən proseslərə baxın. Biz müharibə şəraitində yaşayırıq. Azərbaycanın valyuta rezervləri var. Biz bu rezervlərin hamısını məzənnəyə görə itirə bilmərik. Mən razıyam bəzi mağazalarda qiymətlər artıb. Ancaq bu məhsulların 70 faizi ölkə daxilində istehsal olunur. Niyə görə, yerli istehsalda qiymət artımı olmalıdır? Həmçinin indiki ərzaqlar məzənnə dəyişməzdən qabaq alınan mallardır. Onların qiyməti nədən qalxmalıdır?"
Spiker deputatlara səslənərək deyib ki, məsələyə makro iqtisadiyyatı bilən adamlar münasibət bilsdirsinlər: "Mən çox istərdim ki, məsələyə fikir bildirəndə bizim makro-iqtisadi siyasəti bilən adamlar fikir bildirsinlər, bir az dərindən fikirləşsinlər, dünyada gedən proseslərə baxsınlar. Azərbaycan müharibə aparan bir ölkədir. Azərbaycanın valyuta ehtiyatları var, ancaq nə qədər mümkündür manatın məzənnəsini qoruyub saxladılar, indi yenə də qorunacaq, ancaq fikirləşmək lazımdır ki, qarşıda hər cür işlər ola bilər. Müharibə hələ qurtarmayıb, yəni müharibə ola bilər. Biz rezervlərin hamısın bu məzənnəyə görə itirə bilmərik".
Spiker vurğulayıb ki, qiymətlərin qalxmasının qarşısını almaq üçün dövlət tədbirlər görür: "Mən dünən İqtisadi İnkişaf Nazirliyi ilə danışdım, ciddi işlər görülür. Mən əminəm ki, qiymətlərin qalxmasına imkan verilməyəcək. Eləcə də mən inanıram ki, dövlət tərəfindən sosial ehtiyacı olan təbəqələrə də yardımlar forması fikirləşilir".
Millət vəkili Siyavuş Novruzov maaşların indeksasiya edilməsi fikri ilə razılaşmayıb.
Bildirib ki, bu məsələnin həlli iqtisadi faktorlara əsaslanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB