Gənc jurnalistlər "Ekopark"da olublar

Bu gün Gənc jurnalistlərin SOCAR qış məktəbi layihəsi çərçivəsində jurnalistlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Ekopark"ında olublar. SİA-nın məlumatına görə xəbər verir ki, iştirakçılara parkın təhlükəsizlik qaydaları barədə məlumat verilib və "Ekopark" layihəsi" mövzusunda təqdimat keçirilib. Çıxış edən ARDNŞ-nin Ekologiya İdarəsinin Texniki İstehsalat Şöbəsinin rəis müavini Rakif Qafarov ekoloji çirklənmə əleyhinə aparılan tədbirlərdən danışaraq qeyd edib ki, SOCAR-ın ekoloji fəaliyyəti bir neçə istiqamətdən ibarətdir: "Ekoloji siyasət sənədi bizim fəaliyyətimizin əsas prioritet sahəsidir.Biz öz işlərimizi məhz o sənədə uyğun olaraq qururuq. Həm dəniz üzrə, həm də quru üzrə ixtisaslaşmış ekspedisiyalarımız mövcuddur. Onlar daima istər dənizdə, istərsə də quruda ekoloji çirklənmənin dərəcəsini yoxlayırlar və bütün parametrlər üzrə analizlər keçirilir.Ekologiya idarəsinin yarandığı 2006-cı ildən etibarən artıq ötən illərdən fərqli olaraq yataqlarda da ekoloji analizlər keçirilir və dəniz ekosisteminin inkişafına çalışırıq. Ekologiya İdarəsi yarandığı vaxtdan ekoloji normativ sənədlər tətbiq edərək ətraf mühitin müvafiq proqramlar əsasında ekoloji yoxlamalarını aparır". Daha sonra gənc jurnalistlər "Ekopark"ın ərazisi ilə yaxından tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə