Nicat Hacızadə: “Siyasi məsələlər fond birjalarına təsir edir” AÇIQLAMA

"Hazırda qərbdə son vəziyyət çox gərgindir. Amerika ilə Rusiya arasındakı soyuq müharibə siyasi gərginliklə bərabər iqtisadi gərginlik yaratmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, Rusiya bu gün Avropa İttifaqı və digər böyük dövlətlər tərəfindən iqtisadi sanksiyalarla qarşılaşıb. Bu da ölkənin milyardlarla ziyana düşməsinə səbəb olub: "Bildiyiniz kimi, Rusiya ilə Amerika arasındakı gərginliyin səbəbi Ukraynadır. Hazırda Ukraynaya görə Rusiyaya iqtisadi sanksiyalar tətbiq edilir. Həm Avropa İttifaqı tərəfindən, həm də Amerika ilə sıx tərəfdaşlıq edən ölkələr tərəfindən sanksiyalar Rusiya və Rusiya ilə ticarət dövriyyəsi milyardlarla ölçülən dövlətlərə təsir edəcək".

Ekspert iqtisadi durğunluğun materik səviyyədə olmadığını, Avropa ölkələri ilə Rusiya arasında münaqişənin özlərinə və qonşu dövlətlərinə təsir etdiyini ifadə etdi: "Lakin sırf materikdə hansısa konkret ölkənin sırf bu münaqişədən ciddi sürətdə əziyyət çəkəcəyi ehtimalı aşağıdır. Yalnız biz deyə bilərik ki, iqtisadi qanunauyğunqluqlara əsasən siyasi məsələlər fond birjalarına, əmək birjalarına, səhmlərə müəyyən qədər təsir edir. Təsir yalnız Rusiyaya olacaq ki, məhsullarını lazımi şəkildə Avropa bazarlarına çıxara bilmir. Rusiyanın nəhəng şirkətlərinin səhmləri satılmadı və günü gündən ucuzlaşaraq, səhmdarları pis vəziyyətə saldı. O cümlədən Rusiyanın enerji təhlükəsizliyi baxımından etibarı azaldı. Amma sırf materik səviyyəsində təbii ki ciddi təsirlər yalnız dediyimiz kimi Rusiyaya dəydi. Həmsərhəd ölkələrə də qismən təsir etdi, amma qlobal şəkildə bu baş vermədi".

Bütün xəbərlər Facebook səhifəmizdə