Nazir “G-20”-nin iclasında iştirak edib

Nazir “G-20”-nin iclasında iştirak edib

İstanbulda "G-20" ölkələrinin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin iclası keçirilib. SİA-nın məlumatına görə, toplantıda iştirak etmək üçün Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov da dəvət edilib. "G-20" ölkələri rəhbərlərinin noyabr ayında keçiriləcək toplantısına hazırlıq məqsədi daşıyan iclasda maliyyə nazirləri və Mərkəzi Bank rəhbərləri qlobal iqtisadiyyat, davamlı və balanslaşdırılmış inkişaf çərçivəsi, investisiya və infrastruktur, beynəlxalq maliyyə arxitekturası və maliyyə tənzimləməsi, habelə beynəlxalq vergi və digər məsələlərlə bağlı müzakirələr aparıb. Bundan başqa, inkişaf etmiş ölkələrdəki fərqli iqtisadi artımlar, habelə hazırda ABŞ iqtisadiyyatında nəzərə çarpan iqtisadi artımla müqayisədə Avropada müşahidə olunan geriləmə kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb, gələcəkdə atıla biləcək ortaq addımlar müəyyən olunub.

Qeyd edək ki, "G-20" ölkələri rəhbərlərinin toplantısı noyabr ayında Türkiyədə keçiriləcək. Azərbaycan Respublikası "G-20"-nin ev sahibi kimi Türkiyə Respublikası tərəfindən dəvətli ölkə qismində bu toplantılarda iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə