“Neftqaztikinti” tresti ötən ilə yekun vurub

“Neftqaztikinti” tresti ötən ilə yekun vurub

SOCAR-ın "Neftqaztikinti" trestində 2014-cü il ərzində əməyin mühafizəsi, ekologiya, keyfiyyətə, qaynağa nəzarət və təhlükəsizlik, ekologiya və keyfiyyət sistemlərinin sertifikatlaşdırılması və audit üzrə görülmüş işlərin hesabatı, eləcə də qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. SİA-nın məlumatına görə, iclası giriş sözü ilə açan Mirkazım Abasov qeyd edib ki, hesabat dövründə trest neft-qaz sektoruna aid onlarla istehsalat obyektlərini keyfiyyətlə və vaxtında istismara təhvil verilib. İstismara təhvil verilmiş istehsalat obyektlərində ən son və müasir texnika və texnologiyalardan istifadə olunaraq böyük istehsal göstəricilərinə nail olunub. Trestin müdiri hesabat dövründə struktur vahidləri tərəfindən əməyin mühafizəsi, ekologiya, keyfiyyətə və qaynağa nəzarət üzrə görülmüş tədbirlərin əhəmiyyətini xüsusilə qeyd etmiş və bu göstəricilərin yüksəldilməsi məqsədilə səylərin daha da artırılmasının 2015-ci ildə də qarşıya əsas məqsəd kimi qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra çıxış edən natiqlər ötən il ərzində əməyin mühafizəsi, ekologiya, keyfiyyətə, qaynağa nəzarət və təhlükəsizlik, ekologiya və keyfiyyət sistemlərinin sertifikatlaşdırılması və audit üzrə görülmüş işlərlə bağlı hesabat verib. Trestin bütün struktur vahidlərində 2014-cü il ərzində ISO-9001, ISO-14001, TS OHSAS 18001 və ISO/IEC 17025 beynəlxalq standartının tələbləri barədə maarifləndirmə işləri aparılmış və beynəlxalq standartların tətbiqi və fəaliyyətinin davamlı inkişafı məqsədi ilə I tərəf daxili, II və III tərəf xarici auditlər keçirilib. Auditlərin nəticəsi olaraq təsdiqlənmişdir ki, trest öz işini ISO standartının tələblərinə uyğun qurub. Daha sonra, il ərzində trest üzrə baş vermiş bədbəxt hadisələr müzakirə edilmiş və gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi haqqında təkliflər verilib. İclasın sonunda trestin istehsalat sahələrində əməyin mühafizəsi sahəsində mövcud nöqsanlar ətraflı müzakirə olunmuş, ekologiya, keyfiyyətə və qaynağa nəzarət üzrə yarana biləcək problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılmış, təkliflər irəli sürülmüş və struktur vahidlərinin rəhbərlərinə trest rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə