Neft Fondunun büdcə layihəsi müzakirə olundu

Neft Fondunun büdcə layihəsi müzakirə olundu

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2015-ci il üçün büdcə layihəsi müzakirə olunub. İclasda Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2015-ci il üçün büdcə layihəsinə, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərə dair ARDNF-in icraçı direktoru tərəfindən təqdim edilən məlumatlara baxılıb. Həmçinin, Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin gəlirlərinin 10 246 611,9 min manat, xərclərinin 11 813 909,2 min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərinin 33 318,0 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb.

Bundan başqa, iclasda müvafiq olaraq ARDNF-in 2015-ci il büdcə layihəsi, o cümlədən Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə