Avtomobillər ucuzlaşır

"Rusiyada müşahidə edilən iqtisadi durğunluq və eləcə də milli valyutanın dəyər itirməsi avtomobil idxalı ilə məşğul olan Azərbaycan iş adamlarının fəaliyyətinə müsbət təsir göstərməkdədir". SİA-nın verdiyi xəbərə görə, bunu "Facebook" səhifəsində iqtisadçı-ekspert Vüqar Bayramov rus rublunun dəyərdən düşməsinin avtomobil bazarındakı təsirinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, son dövrlər rublun məzənnəsinin aşağı düşməsi Rusiyadan avtomobil gətirənlərin sayını da artırdığı üçün avtomobillərin qiymətlərinin daha da ucuzlaşması gözləniləndir: "Rusiyada rublun məzənnəsinin dönərli valyutalara, o cümlədən manata nisbətən aşağı düşməsi qonşu ölkədə nəinki istehsal edilən həmçinin, başqa dövlətlərdən bir müddət öncə idxal edilən və satışa çıxarılan malların qiymətinin dollar ifadəsində azalmasına səbəb olub. Rusiyada yerli və işlənmiş xarici avtomobillərin də qiymətlərində azalmalar qeydə alınır. Bu fürsətdən isə yerli iş adamları ilə yanaşı, avtomobilə tələbatı olan vətəndaşlarımız da faydalanmaqdadırlar. Rusiyada istehsal edilən avtomobillər rublla satıldığı üçün dollar və manatla hesabladıqda avtomibllərin dəyərinin aşağı düşməsinə səbəb olur. Artıq Rusiyadan gətirilən və Avro-4 standartlarına cavab verən avtomobillərin Azərbaycan bazarında qiymətlərinin aşağı düşməsi müşahidə edilir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin son bir ayda apardığı monitorinq göstərir ki, sözügedən mənşə avtomobillərinin qiymətində 7 faizə yaxın azalma qeydə alınıb".

Bütün xəbərlər Facebook səhifəmizdə