Hansı sahədə kreditləşməyə maraq artıb?

Hansı sahədə kreditləşməyə maraq artıb?

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası AMCHAM-ın üzvləri ilə iclas keçirib. ASK-dan SİA-ya verilən xəbərə görə, müştərilərlə (biznes icması/real sektor) maliyyə institutları arasında dialoq, ölkədə mikro, kiçik və korporativ sektorlarda kreditləşmə ilə bağlı önəmli müzakirələr iclasın gündəliyində dayanıb.

Azərbaycan Respublikası Mərkəzi Bankının, Maliyyə Nazirliyi və ölkədə fəaliyyət göstərən bir sıra bankların idarə heyətinin sədrləri və özəl sektorun təmsilçiləri də tədbirdə iştirak ediblər.

Təqdimatla çıxış edən ASK-nın Baş katibi Natəvan Məmmədova konfederasiyanın fəaliyyəti, əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarla birgə təşkil etdiyi tədbirlər, görüşlər barədə ətraflı məlumat verib. N.Məmmədova deyib ki, ASK-nın tərkibində fəaliyyət göstərən Maliyyə institutları üzrə iş komissiyası və AMCHAM-ın Bank, Maliyyə və Sığorta məsələləri üzrə Komitəsinin ortaq maraqlı üzvlərinin bir araya gətirilməsi hər iki tərəfin real sektorunun və maliyyə institutlarının ehtiyaclarının tələb olunan qaydada təmini üçün sosial dialoqdan istifadə olunmasına geniş ehtiyac duyulur.

Daha sonra AMCHAM-ın Bank, Maliyyə və Sığorta məsələləri üzrə Komitəsinin sədri Aytən Rüstəmova tədbirin gündəliyi haqqında məlumat verib. A.Rüstəmova qeyd edib ki, görüşdə mühasibat uçotu və hesabatların verilməsində çatışmamazlıqlar, hüquqi məhdudiyyətlərə baxış, biznes mühitində korporativ idarəetmə məsələri, bizneslərin effektivliyi, şirkətlərə köməklik, maliyyə institutlarının gözləntiləri və s. məsələlərin müzakirəsi vacib hesab olunur.

ASK-nın tərkibində fəaliyyət göstərən Maliyyə institutları üzrə iş komissiyasının sədri Zakir Nuriyev bildirilib ki, ölkəmizdə sənayenin, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafını sürətləndirmək ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasətin əsas istiqamətlərindən biri hesab olunur. Dünya təcrübəsi onu göstərir ki, banklar bilavasitə bu sahədə çox müsbət rol oynayır.

Cari ilin 10 iyul tarixində ölkə prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bankların real inkişaf sektoruna investisiya qoyulması və maliyyələşdirilməsinə xüsusi diqqət yetirilməsi barədə müvafiq tapşırıqlar verilib.

Z.Nuriyev bildirib ki, son zamanlar müştərilərlə maliyyə institutları (biznes icması/real sektor) arasında dialoqun yaradılması, ölkədə mikro, kiçik və korporativ sektorlarda kreditləşməyə marağın artması əhəmiyyətli məsələlə kimi xüsusi diqqət mərkəzindədir. Ölkədə problemli kreditlərin həcminin artmasının qarşısının alınması üçün bankların birgə tədbir görməsinə ehtiyac yaranıb.

Tədbirdə çıxış edən digər bank rəhbərləri də çıxış yolunu əhalinin maliyyə savadlılığının artırılmasında görüblər.

Görüşün sonunda səslənən təkliflərin toplanaraq vahid qaydada hazırlanması və mühüm məsələlərin təkrar müzakirəsi məqsədilə Mərkəzi Banka təqdim olunması qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə