Nazir Rusiyanın sənaye və ticarət nazirinin müavinini qəbul edib
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda Beynəlxalq Sənaye Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Georgi Kalamanovu qəbul edib.
SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan-Rusiya əlaqələrinin digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurla inkişaf etdiyi vurğulanıb. Nazir Şahin Mustafayev bildirib ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var və bu imkandan səmərəli istifadə Azərbaycan-Rusiya əlaqələrinin daha da inkişafına öz töhfəsini verə bilər.
Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Georgi Kalamanov Bakıda keçirilən Beynəlxalq Sənaye Konfransının əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi aparılması baxımından əhəmiyyətini qeyd edib.
Görüşdə sənaye parklarına dair fikir mübadiləsi aparılıb, əczaçılıq və neft maşınqayırması sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Qeyd olunub ki, Azərbaycanda sənaye parklarında yaradılan əlverişli şərait, rezidentlər üçün güzəştlərin tətbiqi iş adamlarına əməkdaşlıq üçün geniş imkanlar yaradır.
Görüşdə həmçinin, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin rəhbəri Eldar Tlyabiçev iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB