ARDNŞ “Rumıniya neft və qaz -2014” konfransında iştirak edib FOTOLAR
Buxarestdə "Rumıniya neft və qaz - 2014" konfransı keçirilib.SİA-nın ARDNŞ-in saytına istinadən verdiyi xəbərə görə, ARDNŞ-ın Rumıniya nümayəndəliyinin də qatıldığı konfransda hökumət nümayəndələri, səfirlər, bu ölkədə fəaliyyət göstərən enerji şirkətlərinin təmsilçiləri, mütəxəssislər iştirak ediblər."Xəzərdən Avropaya enerji ixrac marşrutları: son inkişaf və perspektivlər" mövzusunda müzakirələrdə ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimovun "Dəyişən mühitdə enerji təhlükəsizliyi: Azərbaycan təcrübəsi və Rumıniya potensialı" adlı çıxışında qeyd olunub ki, Avropa Birliyinin enerji təhlükəsizliyinin təminatı istiqamətində alternativ mənbələrdən qaz ixracı son illər əsas müzakirə mövzusuna çevrilib. Bu baxımdan "Cənub Qaz Dəhlizi"nin əhəmiyyəti vurğulanmış, TAP və TANAP layihələri barədə də geniş məlumat verilib, qeyd edilib ki, bu layihələr vasitəsilə Azərbaycan qazı beynəlxalq bazarlara ixrac olunmaqla yanaşı, tranzit ölkələr üçün də yeni imkanlar yaranacaq. Bildirilib ki, ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində "Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə"nin imzalanması ilə ölkəmiz bir daha enerji ehtiyatlarının diversifikasiyasında maraqlı olduğunu sübut edib və bu istiqamətdə daha bir uğurlu addım atılıb. Gələcəkdə Azərbaycan qazının Macarıstanla yanaşı digər Şərqi Avropa ölkələrinə çatdırılması üçün gözəl imkanlar yaranır. Daha sonra qeyd edilib ki, Rumıniyada fəaliyyət göstərən iri şirkətlər Qara dəniz bölgəsinin enerji ehtiyatlarının gələcəkdə kəşfi, hasili və nəqli üçün aparıcı rol oynaya bilər. Bu sahədə Azərbaycanın kifayət qədər təcrübəsi var və ehtiyac olduğu zaman Rumıniya bu təcrübədən yararlana bilər.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB