Vahid Əhmədov: “Mərkəzi Bank sığortalanmış əmanətlərin faiz dərəcəsini nə üçün aşağı salmışdı?”

Vahid Əhmədov: “Mərkəzi Bank sığortalanmış əmanətlərin faiz dərəcəsini nə üçün aşağı salmışdı?”

"Azərbaycanda reklamın dövriyyəsi 60 milyon manat olmasına baxmayaraq, gəlir cəmi 26 milyon manatdır. Yəni kölgə iqtisadiyyatı reklamda həddən artıq çoxdur. Bunun qarşısını almaq üçün yeni qanunun qəbul edilməsi vacibdir". SİA-nın məlumatına görə, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı deyib.

Millət vəkili qeyd edib ki, 2015-ci ilin dövlət büdcəsi riskli yox, investisiya və sosial yönümlüdür və onun icrasında elə də ciddi problem olmayacaq.

V.Əhmədov vurğulayıb ki, neftin qiymətinin aşağı düşməsi dövlət büddcəsinə o qədər də təsir etməyəcək: "Çünki neftin qiymətinin dövlət büdcəsinə təsiri 11 faizdir ki, bu da təxminən 2 milyard manat edir. Nəzərə almaq lazımdır ki, dövlət büdcəsinin 67 faizi neftdən gələn gəlirlər hesabına formalaşır. Dövlət Neft Fondundan 10.3 milyard transfer edirik. Bütün bunları nəzərə alaraq 6.9 milyard manat əsaslı vəsait investisiya qoyuluşu yatırmağı nəzərdə tutmuşuq".

"Maliyyə Nazirliyinin və Hesablama Palatasının qarşısında duran ən vacib məsələ xərc siyasətinə nəzarət mexanizminin olmamasıdır: "Gələn ilin dövlət büdcəsində nəzərdə tutulan 6.9 milyard manat əsaslı vəsait investisiya qoyuluşuna kim zəmanət verə bilər ki, bu məbləğ təyinatı üzrə, məqsədli şəkildə istifadə ediləcək. Bir neçə dəfə bəyan etmişəm ki, Hesablama Palatası kiçik layihələrin yoxlanılmasından iri layihələrin yoxlanılmasına keçməlidir. Niyə böyük layihələr yoxlanılmır? Yoxsa ayrı-ayrı məmurların nəzarətində olan məsələlərdir bunlar? Bu dövlətin vəsaitidir və nəzarət altında olmalıdır"- millət vəkili vurğulayıb.

V.Əhmədov bankların kredit faizlərindən danışıb: "Niyə kredit faizləri ilə bağlı məsələ həlini tapmır? Hər iclasda, hökumətin hesabatında, dövlət büdcəsinin müzakirəsi zamanı bu məsələ qaldırılır. Ancaq həllini tapmır. Mərkəzi Bank sığortalanmış əmanətlərin faiz dərəcəsini 12 faizdən 10 faizə endirdi. Amma faizlər aşağı düşmədi. Əvəzində nə baş verdi? Bankların 10 ay ərzində gəlirləri 3.75 faizdən 5.3 faizə qədər artdı. Məgər buna görə sığortalanmış əmanətlərin faiz dərəcəsi aşağı salınmışdı ki, müəyyən adamlar, bankirlər əlavə vəsait əldə etsinlər? Bu çox ciddi məsələdir və Azərbaycanın maliyyə bazarına təsir edən amildir".

Bütün xəbərlər Facebook səhifəmizdə