Elman Rüstəmov: “Banklar əhalinin əmanətlərinə ziyan vurmaqla mənafelərini təmin edə bilməzlər”

Elman Rüstəmov: “Banklar əhalinin əmanətlərinə ziyan vurmaqla mənafelərini təmin edə bilməzlər”

"Neftin qiyməti 60-70 dollara düşsə belə, Azərbaycan dövlət büdcəsinin gəlirləri xərclərindən çox olacaq". SİA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisdə büdcə layihəsinin müzakirəsi zamanı deyib.

E. Rüstəmov deyib ki, Azərbaycanda inflyasiya da aşağı səviyyədədir: "Lakin bizim tərəfdaşımız olan ölkələrdə orta inflyasiya 4.3 faizdir. Bu da Azərbaycana həmin ölkələrə müqayisədə rəqabət üstünlüyü yaradır. Azərbaycanda inflyasiya inkişaf etmiş ölkələrdəki kimidir. Bu gün bizim milli valyutamız çox sabitdir. Bizdə olan informasiyaya görə, manat hətta bir çox ölkələrdə də qəbul olunur. Bundan sonrakı dövrlərdə də manatın məzənnəsinin sabitliyi təmin ediləcək".

Onun sözlərinə görə, Mərkəzi Bank bank faizlərini də aşağı salmağa çalışır: "Cari ildə Mərkəzi Bank uçot dərəcəsini 4.75 faizdən 3.25 faizə endirib. Bu, ölkədə faiz dərəcələrinin azaldılmasına bir işarədir. Bankların kapitallaşma səviyyəsi 18 faizdir. Bank kapitalları bank vəsaitlərinin artan aktiv hissəsinə çevrilir və bu 1.8 dəfə artaraq 83 faizə çatıb. Hazırda bank aktivlərinin 90 faizini əhatə edən banklar bu normaya əməl ediblər".

O bildirib ki, Mərkəzi Bank bir neçə zəif, problemli banklarla iş aparacaq.

Elman Rüstəmov vurğulayıb ki, banklar əhalinin əmanətlərinə ziyan vurmaqla mənafelərini təmin edə bilməzlər: "Bu gün banklarda kifayət qədər vəsait var və bu, normadan iki dəfə çoxdur. Lakin əmanətlərin artım tempinin aşağı düşməsi problemi var. Cari dövrdə əmanətlər cəmi 9 faiz artıb. Bu əvvəlki illərə nisbətən aşağıdır. Bununla yanaşı, faiz dərəcələrinin aşağı salınması üçün banklarda kifayət qədər vəsait var. Bu onu göstərir ki, əhali öz əmanətlərini yerləşdirmək üçün alternativ kanallar axtarır. Bazarda belə kanallar var. Ölkənin iqtisadiyyatının maliyyə dərinliyindən də danışmaq istəyirəm. Maliyyə dərinliyi deyiləndə, bütövlükdə bank aktivlərinin ümumi daxili məhsula olan nisbəti nəzərdə tutulur. Bu göstərici Azərbaycanda 78 faizə bərabərdir. Bu, orta inkişaf göstəricisi hesab olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə