Vətəndaşlar özəl pensiya fondlarından istifadə edə biləcəklər AÇIQLAMA

Vətəndaşlar özəl pensiya fondlarından istifadə edə biləcəklər AÇIQLAMA

"Ölkə başçısının imzaladığı "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası" pensiya sistemində islahatların yeni mərhələsinə qədəm qoyulması kimi xarakterizə edilməlidir. Sözügedən sənədin imzalanması ölkəmizdə pensiya sahəsində aparılan islahatların uğurla davam etdirilməsi istiqamətində siyasi iradəni bir daha təsdiq edir". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu konsepsiya sığorta ödənişləri ilə pensiya məbləği arasında mütənasibliyi gücləndirməyi, sığorta təminatında maliyyə bazasının genişləndirilməsini, sığortanın baza hissəsinin ləğvini və bunun minimum sığorta məbləğinə uyğunlaşdırılmasını nəzərdə tutur: "Bu islahat daha çox sosial ödəniş edən vətəndaşa daha çox pensiya almaq imkanı verəcək. Pensiyanın məbləği müəyyənləşdirilən zaman sığorta ödənişləri əsas meyar kimi götürüləcək və nəticədə sosial sığorta ödəyənlərin sayını artırmaq mümkün olacaq. Yeni sistem yüksək maaş alan vətəndaşın pensiyaya çıxan zaman yüksək pensiya almasına, eyni zamanda yüksək əmək haqqı alan vətəndaşın əmək haqqını rəsmiləşdirməsinə marağını artırır".

İqtisadçı qeyd edib ki, konsepsiya həmçinin vətəndaşlara özəl pensiya fondlarından istifadə imkanı verəcək: "Özəl pensiya fondlarının yaranması ideyası beynəlxalq təcrübəyə əsasən həyata keçirilir. Dünyanın əksər ölkələrində bu fondlar fəaliyyət göstərir. Azərbaycanda da özəl pensiya fondlarının yaradılması ilə əhali dövlət pensiya fondları ilə yanaşı özəl sosial müdafiə fondlarına da ödəniş edə biləcək. Bu proses könüllülük prinsipi ilə həyata keçiriləcək. Burada vətəndaş vəsaitin bir hissəsini özəl pensiya fondlarına ödəməklə gələcəkdə daha yaxşı pensiya təminatına nail olacaq. Çünki pensiya yaşı tamam olan şəxs həm dövlət pensiya fondundan, həm də özəl pensiya fondundan ödənişlərə uyğun olaraq pensiya əldə etmək imkanı qazanacaq. Bütövlükdə, yeni konsepsiya pensiya-sığorta sistemində aparılan islahatların yeni mərhələyə qədəm qoymasına gətirib çıxarmaqla yanaşı eyni zamanda bu sferada maliyyə dayanıqlığının güclənməsinə səbəb olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə