"Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyası ilə birlikdə hazırladığı məşhur "Bizneslə Məşğul Olmaq" (Doing Business-2015) hesabatında 80-ci yerdə olan ölkəmiz Dünya Bankının qiymətləndirməsinə əsasən 2014-cü ildə dünyanın 10 ən çox islahat aparan ölkələr sırasına daxil edilib. Azərbaycanın hesabatdakı yeri əvvəlki illə müqayisədə 8 pillə irəliləyib". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu ildən başlayaraq Dünya Bankı hesabatda ölkələr üzrə balların hesablanması üçün yeni metodologiyadan istifadə etməyə başlayıb. Azərbaycan da yeni metodologiyanın hesablamalarına əsasən bu il 88-ci pillədən 80-ci yerə yüksəlib: "Azərbaycan daşınmaz əmlakın qeydiyyatının sadəliyinə görə, dünyada 10-cu yeri tutur. Ölkəmiz biznesə başlamağın asanlığı üzrə 12, müqavilələrə riayət olunması üzrə 31, vergilərin ödənilməsinin sadəliyinə görə 33, kiçik investorların müdafiəsi imkanlarına görə 51, müflisləşmə proseduralarının sadəliyinə görə 94, kreditlərə çıxış imkanlarına görə 104, tikinti üçün icazələrin alınmasına görə 150, elektrik şəbəkəsinə qoşulmağın asanlığına görə 159, nəhayət sərhədyanı ticarət, yəni gömrük prosedurlarının mürəkkəbliyinə görə dünyada 166-cı yeri tutur. "Doing Business-2015" hesabatında Azərbaycanın 8 pillə irəliləməsinə səbəb, əmlakın qeydiyyatının daha da yaxşılaşdırılması (11-ci yerdən 10-cu yerə), vergilərin ödəniş səviyyəsinin yüksəldilməsi (65-ci yerdən 33-cü yerə), tikintiyə icazə ilə bağlı proseslərin nisbətən sadələşdirilməsi (167-ci yerdən 150-ci yerə), elektrik şəbəkəsinə çıxış imkanlarının artırılması (161-ci yerdən 169-cu yerə) olub".
İqtisadçı qeyd edib ki, Azərbaycanın 2014-ci ildə ən çox islahat aparan ölkələr sırasında olması sənaye ili daxilində görülən işlər, xüsusən də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin martın 3-də "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayaraq hökumət qarşısında islahatların sürətləndirilməsi tapşırıqlarını müəyyənləşdirməsi ilə bağlıdır: "Sözügedən sənədə əsasən, sahibkarlıq fəaliyyəti ilə bağlı olan bir sıra proseduraların sayının və eləcə də müddətinin kəskin azaldılması nəzərdə tutulub. Əsas məqsədi sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin minimumlaşdırılması olan bu fərman biznes mühitinin yaxşılaşdırılması ilə bağlı konkret vəzifələr müəyyənləşdirib. Eyni zamanda, bu il Ölkə Başçısının digər fərmanı ilə bir sıra dövlət qurumlarında xidmətlərin elektronlaşdırılması həyata keçirilib. "ASAN" xidmətin səlahiyyətlərinin genişləndirilməsi də məhz bu islahatlardan hesab edilir. Həmçinin, sahibkarlıq subyektlərində yoxlamaların tənzimlənməsi, iş adamlarının fəaliyyətinə geniş imkanların yaradılması ilə bağlı hüquqi mühit təkmilləşdirilib. Bu isə təbii ki, Azərbaycanda bizneslə məşğul olmaq mühitinin yaxşılaşdırılmasına və bu istiqamətdə yeni imkanların açılmasına gətirib çıxarıb. Bütün bu göstəricilərlə Azərbaycan dünyanın aparıcı hesabatlarının birində yerini daha da möhkəmləndirə bilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB